“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”
Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan bu gün artıq müstəqil dövlət kimi beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.
Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaq. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə milli iqtisadiyyat sahəsində gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.
22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə olan görüşdə Ulu Öndər Heydər Əliyevin çıxışı zamanı söylədiyi “İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik” fikrini bu gün də xatırlayırıq.
28 sentyabr 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində Ulu Öndər çıxışı zamanı bildirdi ki, “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”. Həmçinin, qeyd etdi ki, “Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar – bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm”.
10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasimində nitqində vurğuladı ki, “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.
19 noyabr 1993-cü ildə Prezident Sarayında bank-maliyyə, tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə və onu yaxşılaşdırmaq sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsində çıxışında “Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik” deyərək iqtisadiyyat sahəsinin ölkəmiz üçün nə qədər önəmli olduğunu bir daha vurğuladı.
5 fevral 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə olan görüşdə “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir” söyləyərək bu sahənin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi.
9 fevral 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirdi ki, “Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir”.
9 fevral 1994-cü ildə Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə olan görüşdə qeyd etdi ki, “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur”.
22 fevral 1994-cü ildə Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında çıxışında “Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri ola bilməz” fikrini söylədi.
24 fevral 1994-cü ildə Böyük Britaniyaya rəsmi səfərin yekunlarına dair mətbuat konfransında bəyanatında bir daha vurğuladı ki, “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir”.
4 mart 1994-cü ildə Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı sahəsinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var”.
11 avqust 1994-cü ildə Prezident Sarayında respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə qeyd etdi ki, “Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir”.
26 avqust 1994-cü ildə Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı söylədi ki, “Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir”.
7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında söylədi ki, “Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir”.
2 iyun 1998-ci ildə “Kürdaşı” dəniz blokunun və “Cənub-Qərbi Qobustan”, “Kürsəngi-Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında ARDNŞ ilə xarici neft şirkətləri arasında müqavilələr imzalanarkən nitqində bildirdi ki, “Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir”.
6 noyabr 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında “Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır” söyləyərək bu sahənin dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha vurğuladı.
20 sentyabr 1999-cu ildə Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı qeyd etdi ki, “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar”. Həmçinin, söylədi ki, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.
30 sentyabr 1999-cu ildə Bakıda Binə Beynəlxalq Aerovağzalının yeni kompleksinin açılış mərasimindəki nitqində vurğuladı ki, “Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir”.
6 noyabr 1999-cu ildə Azərbaycan dəniz neft sənayesi işçiləri ilə olan görüşündə söylədi ki, “Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur”.
2 mart 2000-ci ildə Azərbaycan Sahibkarlar Assosiasiyası Konfransının iştirakçılarına müraciətində bildirdi ki, “Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir”.
27 may 2000-ci ildə 28 May – Respublika Günü münasibətilə keçirilən təntənəli mərasimdə bir daha diqqətə çatdırdı ki, “Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir”.
29 dekabr 2000-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində söylədi ki, “Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir”. Eyni zamanda, qeyd etdi ki, “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir”.
7 iyul 2001-ci ildə Sumqayıtdakı Etilen-Polietilen zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində söylədiyi “Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı” fikirləri də yadda qaldı.
1 sentyabr 2001-ci ildə Bakının Nəsimi rayonunda paytaxtda ilk özəl ümumtəhsil məktəb kompleksinin istifadəyə verilməsi mərasimindəki nitqində qeyd etdi ki, “Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür”.
22 sentyabr 2001-ci ildə “Neftçilər günü”nə həsr olunmuş təntənəli mərasimdəki nitqində “Neftin və qazın Avropa istiqamətində ixrac olunması - təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir” fikirlərini səsləndirdi.
3 iyul 2002-ci ildə “Azərbaycan polisi günü”nə həsr olunmuş təntənəli mərasimdəki nitqində “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır” fikrini diqqətə çatdırdı.
16 iyul 2002-ci ildə Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasnn birinci iclasındakı nitqində bildirdi ki, “Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir”.
17 oktyabr 2002-ci ildə "Gülüstan" sarayında Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə söylədi ki, “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir”.
25 fevral 2003-cü ildə Vaşinqtonda keçirilən "Şərq-Qərb Enerji Dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransdakı nitqində bildirdi ki, “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir”. Həmçinin, söylədi ki, “Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi - bunlar hamısı bizim əsas prinsiplərimizdir”.
Bəli, Ulu Öndər Heydər Əliyevin arzuladığı kimi oldu. Azərbaycan dövləti qısa müddət ərzində böyük inkişaf yolu keçdi və dünya dövlətləri arasında güclü ölkəyə çevrildi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkə iqtisadiyyatına xüsusi bir önəm verdi.
Ən əsası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf edir. Güclü iqtisadiyyata sahib olan Azərbaycan dövləti cəmi 44 günə işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq salnaməsi yazdı. Xalqımızın 30 illik torpaq, yurd, Vətən niskilinə son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Bunların arxasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün sahələrə olduğu kimi, iqtisadiyyat sahəsinə də böyük diqqətin ayrılması dayanır. 2003-cü ildən bu vaxta kimi ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində görülmüş işlər, həyata keçirilən genişmiqyaslı layihələr bunun bariz nümunəsidir.
Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan güclü iqtisadiyyatı olan dövlətə çevrilmiş, dünyanın qabaqcıl ölkələri sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.
Facebook-da paylaş