Şanlı Qələbəmizi şərtləndirən amillər
Son illərdə suveren Azərbaycanın siyasi həyatında baş verən ən önəmli
hadisə əzəli və tarixi torpaqlarımızın işğaldan azad olunmasıdır. 2003-cü ildən
başlayaraq Prezident İlham Əliyev bütün xarici səfərlərində, mötəbər beynəlxalq
təşkilatlarda, ölkədə keçirilən beynəlxalq əhəmiyyətli rəsmi görüşlərdə ərazi
bütövlüyümüzün bərpasının prinsipial məsələ olduğunu, Azərbaycan xalqının
torpaqlarmızın işğalı ilə barışmayacağını, Azərbaycan ərazisində ikinci erməni
dövlətinin yaranmasına yol verilməyəcəyini bəyan edirdi. "...Ərazilərin
qaytarılması mənim prinsipial mövqeyim olub”. Qarabağda elan olunan separatçı
rejimi dəstəkləyən Minsk qrupu həmsədr dövlətlərinə tutarlı cavab olaraq
bildirmişdir ki, onların ölkəsində ermənilərin kompakt olaraq yaşadıqları şəhərləri
var. Əgər onlar çox istəyirlərsə ikinci erməni dövlətini öz ölkələrində yarada
bilərlər.
Ölkə Prezidenti İlham Əliyev son günlərdəki çıxışlarında 17 illik
idarəçilik dövrünü torpaqlarımızın geri qaytarılması prosesinə hazırlıq dövrü
adlandırmışdır. Bu hazırlıq bir çox istiqamətləri əhatə edirdi.
Mənəvi hazırlıq əsas amillərdən biri kimi haqlı mübarizəyə inama,
tarixə və milli köklərə bağlılığa, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə
əsaslanırdı. "Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”.
İqtisadi hazırlıq siyasi uğurun, qələbəmizin əsas şərti idi. Bu gün
Azərbaycan iqtisadi sahədə istənilən meyar üzrə qabaqcıl yerlərdədir. İqtisadi
güc siyasi müstəqilliyimizə əsas verir, eyni zamanda ölkənin müdafiə qabiliyyətinin
yüksəldilməsinə zəmin yaradır. İqtisadi inkişafın əsas şərti ölkədaxili
sabitlikdir. Sabitlik yeni investisiyaların cəlb olunmasına və etibarlılığına təminat
verir. Azərbaycanın etibarlı tərəfdaş imici imkan yaratdı ki, müharibədən dərhal
sonra Qarabağda bərpa və quruculuq işlərinə xarici şirkətlər tərəfindən
investisiyalar cəlb olunsun.
Digər hazırlıq istiqaməti beynəlxalq münasibətlərin müsbət məcrada
axarı idi. Həmçinin, qarşıda duran mübarizə üçün hüquqi bazanın yaradılması
idi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Baş Assambleyasının qərar və
qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumların qərarları və qətnamələri
Azərbaycan üçün bu müharibədə hüquqi baza oldu. Bu illər ərzində Azərbaycan
işğalçı dövlət Ermənistan istisna olmaqla digər qonşu və xarici dövlətlərlə
dostluq və əməkdaşlıq şəraitində, regional, beynəlxalq enerji və nəqliyyat
layihələrini reallaşdırdı. Uzun illərdir ki, Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir. Dövlətimiz "Şərq Tərəfdaşlığı” ölkələrindən biri olaraq Avropa
İttifaqına (Aİ) üzv olan 9 dövlət ilə əməkdaşlıq edir, Aİ ilə bərabərhüquqlu
saziş üzərində işləyir və bu sazişin əsas hissəsi artıq razılaşdırılmışdır. Bu
illər ərzində dünya ictimaiyyətinin diqqətini ərazilərimizin işğal olunmasına,
maddi-mənəvi irsimizin talan olunmasına yönəltmək məqsədilə Prezident İlham
Əliyev bütün beynəlxalq qurumlara çağırışlar edirdi ki, onlar bu münaqişənin həlli
üçün təsirli addımlar atsınlar.
Əsas amillərdən biri Ordu quruculuğu hazırlığı, strateji və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi idi. Vətən
müharibəsində qardaş Türkiyədən və digər tərəfdaş dövlətlərin müdafiə sənayesinə
məxsus müasir silahlardan istifadə edildi. Bu müharibəni XXI əsrin müharibəsi
adlandırmağa əsas verən texnologiyanın son nailiyyətlərinə uyğun silahların tətbiqi,
həm də yüksək peşəkarlıqla hazırlanmış döyüş taktikası idi.
Bütün bu istiqamətlər sonda bir nöqtədə birləşərək Şanlı Qələbəmizə
apardı.
Bizi güclü edən bir cəhət də xalqımızın mübarizliyi, arxa cəbhənin dəyanəti,
informasiya müharibəsinin vətəndaşlar tərəfindən də qətiyyətlə aparılması idi.
Qələbəni qazandıran dövlət başçımızın güclü siyasi iradəsi, sarsılmaz
Xalq-Prezident, Müzəffər Ali Baş Komandan-Rəşadətli Ordumuzun Dəmir Yumruq kimi
birliyi idi.
Bu müharibə ordumuza təcrübə qazandırdı və digər dövlətlər üçün təcrübə
mənbəyi olaraq öyrənilir. İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən
müharibəsinin hər bir gününü təhlil edirlər. Bu qələbə həm də Azərbaycan gəncliyinin
qələbəsi idi.
Dövlət başçımızın 17 illik idarəçilik dövründə milli dəyərlərə bağlı,
vətənpərvərlik ruhunda yetişmiş gənclər qanları və canları bahasına
torpaqlarımızı işğaldan azad etdilər. "Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri
ilə dünya hərbi ekspertlərini heyrətə salan, 2003-cü ildə 10 yaşı, 15 yaşı
olan, bu illər ərzində vətənpərvərlik tərbiyəsi almış 18-35 yaşlı gənclər idi.
Onlar bu torpaqları azad etdilər... Əllərində silahlar, əllərində bayraqlar, ürəklərində
Vətən sevgisi”.
Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli
vəzifə olaraq müəyyən olunmuşdu və bu vəzifə uğurla icra olundu. Tarixi ədalət
bərpa olundu. Bakıda Bayraq Meydanının açılışında
Prezident İlham Əliyev "Gün gələcək Azərbaycan Bayrağı işğal edilmiş
torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq” - demişdi.
Qələbəmizin təsdiqi günü kimi yaddaşımızda qalan 14 yanvar tarixində
ölkə Prezidenti Şuşa şəhərinə səfəri zamanı müqəddəs bayrağımızı qaldırdı. Bu
söz və əməlin vəhdəti idi. Bu, bir daha sübut etdi ki, Azərbaycan Prezidenti
İlham Əliyev dediyini edir. Və bir də demədiyini də edir, çünki, deməyi lazım
bilmir!
Yeganə GÖYÜŞLÜ,
Yeni Azərbaycan
Partiyası Qazax Rayon
Təşkilatı Qadınlar
Şurasının sədri
Facebook-da paylaş