Prezident İlham Əliyev: “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
xalqa müraciət edib. Ölkə Prezidenti müraciətində Cəbrayıl rayonunun
işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki: "Bu gün
Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu
tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl
rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş
bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı,
şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı
döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı
hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri
azad edildi. Cəbrayıl bizimdir!”. Azərbaycan
işğalçı ölkə deyil. Bunu dövlətimizin başçısı xalqa müraciətində də bir daha
qeyd edib. Ölkə Prezidenti bildirib ki: "...Biz
istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik.
Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik.
Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir,
xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə
qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına
gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə
bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?!
Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll
edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz
sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz
qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir
kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların
bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik.
Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın
tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal
edilmiş bütün torpaqları qondarma "Dağlıq Qarabağ Respublikası”na aid edib,
yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq
Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki,
bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”. Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan xalqının qələbə salnaməsi
yazılır. Cəbrayıl şəhərinin və Cəbrayıl
rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə
salnaməsinin parlaq səhifələrindəndir. Təbii ki, qəhrəman Azərbaycan əsgərinin
sayəsində hər gün yeni qələbələrin şahidi oluruq. Cəbrayıl rayonunun və işğal
olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və
zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız
bizə qayıdıb. Ölkə başçısının da qeyd etdiyi kimi: "Biz bu gün
xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz
bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi
torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb,
qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları
torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi
darmadağın edib dağıdıblar”. Qarabağa həyat qayıdacaqdır. Bunu dövlətimizin başçısı çıxışında da
qeyd edib. Bildirib ki: "Biz bütün şəhərləri bərpa edəcəyik.
Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə
həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib
tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini
silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa
edilir və bərpa ediləcəkdir”. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz
yaşlarının səbəbidir. Ölkə başçısının da
vurğuladığı kimi: "Bu gün cəbrayıllılar, əlbəttə ki,
sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış
yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu
tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya
bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan
göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları
idi”. Şanlı Azərbaycan Ordusunun qazandığı qələbələri qürur hissi ilə
çatdıran ölkə başçısı bildirib ki: "Bu gün Azərbaycan xalqı sevinc içindədir.
Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış
məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu
aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi,
Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu
kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin
həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız
bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq”. Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə
son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan
Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa
qaytarılacaqdır. Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar
tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan
dövlətçiliyinə təhlükədir. Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin
əziyyətini çəkir. Bunu ölkə başçısı çıxışında da qeyd edib: "Ermənistanın baş
naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq
ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, "Qarabağ Ermənistandır və
nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi.
Danışıqların formatını dəyişdirmək cəhdləri – "Qondarma, oyuncaq xunta rejimi
ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə
ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr
olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə
dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq
edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq,
daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim
bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan
xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər
ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla
barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə
biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma
rejimin başçısı özünə "andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə
mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi
gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə
rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz
bununla barışmayacağıq. Qondarma "Dağlıq Qarabağ Respublikası”nın parlamentinin
Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir.
Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada
qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər,
köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər,
beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar.
Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik
orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara,
deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya
oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?!
Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də
maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız?
Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi
ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası
yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq
Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və
qayıdacağıq!” Beynəlxalq təşkilatlar Ermənistana təsir etmədi. İşğalçı Ermənistana
heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və
ikili standartların təzahürüdür. Azərbaycan isə hər zaman ədalətli danışıqların
tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca
diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi. Onların
atdıqları addımlar bir daha sübut etdi ki, danışıqlar üçün heç bir əsas qalmadı.
Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların
aparılması mümkünsüzdür. Ölkə başçısı qeyd edib ki: "Ona görə indiki
vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə
biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək
istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən
27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq.
Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir.
Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım
olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın,
emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun
sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi
mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ
danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və
hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti
qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal
edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan
əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz
sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları
bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!” Dövlətimizin başçısı onu da bildirib ki: "Ermənistan
rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli
sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə!
Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın
baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki,
daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu
məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub
hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə
oldu? Bir ildən sonra çıxış edib deyir ki, "Qarabağ Ermənistandır”. İndi desin
"Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər
əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs,
sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan,
çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın
ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib.
Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki,
baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr
istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik
versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli
verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki
indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq,
onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz
dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar?
Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh
sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır
dedim, vəssalam”. Ölkə rəhbəri bildirib ki: "Bu gün Cəbrayılın
işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən
əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat
törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs
verdik, indi dərs oldu”. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Biz haqq-ədalət
tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim
xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr
olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa
edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini
doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər
çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. GOYEZEN.AZ
Facebook-da paylaş