• Təqvim

  • Maraq



Aprel döyüşləri bizim şanlı qələbəmizdir


Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Bu baxımdan 2016-cı ilin 2-5 aprel tarixli döyüşləri daha bir qəhrəmanlıq nümunəsinə çevrildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan Atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mövqelərimizə daim atəş açır, dinc əhaliyə, yaşayış yerlərinə zərər vururlar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel  ayının  1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 88 hərbi qulluqçumuz və 2 dinc sakinimiz şəhid olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. İgid oğullarımızın qanı bahasına erməni qəsbkarlarından Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik "Lələ təpə" adlandırılan yüksəklik onlarla igid Vətən oğlunun şəhidlik zirvəsinə ucalması hesabına azad edilmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücumu nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanılmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixdə "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.

           "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, - deyən Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi.

            Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Zaman-zaman bu yurdun oğul və qızları "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılıblar. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Qazax rayonu 287 nəfər şəhid verib, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Şanlı Aprel döyüşlərində isə Qazax rayonunun 3 igid oğlu - kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlu qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə,  Elvin Namazov  "Vətən uğrunda" medalı ilə, Orxan Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Tarixə "Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs Vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.

Şəhidlər bizim həm qürur yerimiz, kədərimiz, tariximiz, həm də qalibiyyətimizdir. "Vətən sağ olsun”, - deyib balasını torpağa əmanət edən, övladının tabutunun üzərindəki bayrağı qoxlayıb sanki qoxusunu ondan alan analar, atalar... Biz sizin qarşınızda baş əyirik!

Teybə HÜSEYNOVA,

Gülnar QULUYEVA,

Qazax RİHB aparatında İctimai-siyasi və humanitar

məsələlər şöbəsinin baş məsləhətçiləri



Facebook-da paylaş