Meşələri yanğından qoruyun!
Bioloji cəhətdən öz inkişafında
bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot
bitkilərinin, heyvanat aləminin, mikroorqanizimlərin vəhdəti hesab edilən meşə
sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Təəssüf hissi ilə qeyd etməliyik
ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub
saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun
yayılması və bütün ərazidəki bitki örtüyünün yanması ilə nəticələnən meşə
yanğınları törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib
çıxarır. Meşə yanğınlarından bəhs edərkən xüsusi ilə
vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u ehtiyatsız davranmadan
və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi
qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır
ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu
tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb
olur. Söndürülmədən kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların
mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşədə yanğınlara yol verilməməsi üçün yanğın
təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə
sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün
atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün
xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların
qalanması xüsusi ilə təhlükəlidir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və
digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən
olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların
yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal
yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Dövlət meşə fondunun,
meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin
müəssisələr, idarələr,təşkilatlar və fermer təsərrüfatları, eləcə də
əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq sürtkü
yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir. Yanğın təhlükəsindən uzaq olmaq
üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş
qaydada yığılıb saxlanılmalıdır. Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları
tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı
tonqallar yalnız Meşə mühafizəsi və Bərpası müəssisəsinin icazəsi ilə bu
təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tonqal
heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların
altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə
də od qalamaq olmaz. Tonqalı söndürüb oranı tərk edən zaman közün üstü torpaqla
örtülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, onda aralanıb
getmək, tələsmək olmaz. Gedərkən əmin olmaq lazımdır ki, tonqal tam sönüb və
sonradan
alışma ehtimalı yoxdur. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və
digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində
şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşə
ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda
şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.Bütün bunlarla yanaşı meşələrimizlə əlaqəsi olan hər bir vətəndaş
təbiətin bu əvəzsiz sərvətinin yanğın təhlükəsizliyinin qayğısına
qalmalıdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi
Facebook-da paylaş