Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış...?!
Daşınmaz əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən
iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət
verən bir prosesdir. Daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox
rast gəlinən yanğın hadisəsidir. Yanğın nədir?! Niyə baş verir?! Qarşısının
alınması mümkündürmü?! Hər hansı bir yanğının baş verməsi üçün bir yerdə yanan maddə,
yandıran enerji və oksigen bolluğu olmalıdır. Bu sadalananların hər üçünün
kifayət qədər olduğu məkan insanların tikib qurmuş olduğu, müxtəlif enerji növləri
ilə təchiz edib, içini məişət və istehsalat avadanlıqları ilə doldurmuş olduğu tikililərdir. Harada ki, ixtisasından,
sənətindən, məşğuliyyət növündən asılı olmadan insan vardırsa, orada enerjidən
istifadə olunur, müxtəlif təyinatlı avadanlıqlar istismar edilir. Hər hansı qəza,
yaxud enerjidən səhlənkar, ehtiyatsızcasına, normalara zidd şəkildə istifadə
olunursa, bu yerlərdə yanğın hadisəsi qaçılmazdır. Arzuolunmayan yanğın hadisələrinin
qəsdən törədilməsi halları ümumi yanğın saylarının çox cüzi bir hissəsini təşkil
edir, yəni hər dəfə yanğın baş verirsə bu hökmən normativlərə, standartlara, qaydalara
bilərəkdən və ya bilmədən əməl etməmə səbəbindən baş vermişdir. Məqsədli və ya
məqsədsiz qayda pozuntusu eyni nəticələrə gətirir və məqsədli qayda pozuntusu
ilə məqsədsiz qayda pozuntusunu, təəccüblü görünsə də, bəzən ayırmaq çətin
olur. Məsələn: yataq otağında qeyri-standart elektrik peçi ilə qızınmaq istəyən
şəxsin gətirib quraşdırmış olduğu peçin yanğına səbəb olması məqsədli – yəni, otağı qızdırmaq üçün edilmiş hərəkətdir, amma
bu qeyri-standart – təhlükəli elektrik qızdırıcısından istifadə etmək, yanar
maddələrin arasında bunu qoşmaq – etinasızlıq təhlükəni dərk etməmək səbəbindən
məqsədsiz hərəkət hesab oluna bilər. Məişətdə və istehsalatda daim enerji ilə
yaşayan və işləyən insanın əhatəsində yanar maddələr mövcuddur. İnsan istismar qaydalarını
pozmağa meyllidir, bəzən rahatçılığını qaydaların pozulması hesabına tapandır,
bəzən təhlükəsizlik qaydalarına əməl etməyə çəkiləcək xərcləri normalar və
qaydalara əməl etməmə hesabına minimuma endirməyə çalışandır, bu səbəbdən də hər
hansı bir şəkildə enerji istifadəsində norma və standartlara, qaydalara
ehtiyatsız yanaşmaq, etinasız münasibət yaranır ki, bu da yanğın hadisələrini
qaçılmaz edir. Xalq arasında əsrlərdən bəri "qurunun oduna yaş da yanır” zərbi-məsəli
işlənməkdədir, bu gün də aktual səslənir. Bir nəfər enerji ilə ehtiyatsız
davranan, çox sayda hər an ehtiyatlı davrananlar üçün də təhlükə yaradır. Hər kəs
həyatın bütün anlarında kimlərləsə qonşuluq etmək məcburiyyətindədir. Demək ki,
cəmiyyətin yanğın kimi ağır, bədbəxt hadisələrdən qorunması üçün hamılıqla
standartlara, normalara və qaydalara əməl etməyimiz zəruridir, amma heç bu da
yanğınların qarşısının tam alınması üçün kafi deyildir. Deməli biz varıqsa,
yaşayır və yaradırıqsa, işləyir və dincəliriksə, təhsil alır, müalicə olunuruqsa,
hər bir iştirakımız olan hal üçün yanğının baş verməsini ehtimal etməliyik,
buna hazır olmalıyıq, bədbəxt hadisələrin qarşısını almağa çalışmalıyıq. Bizim
törətdiyimiz yanğın qonşumuza keçməməlidir, ətrafa yayılmamalıdır, mümkün qədər tez söndürülə bilməlidir, özümüz də, qonşumuz
da, əmlakımız da yanğından etibarlı qorunmalıdır. Bu qorunmada və sadaladığımız
digər şərtlər üçün Azərbaycan xalqının köməkçisi Fövqəladə Hallar Nazirliyinin
struktur tərkibi olan Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətləridir. Sağlamlığınızın və daşınmaz əmlakınızın icbari sığortaları kimi
düşünülüb tapılmış və bütün dünyada qəbul edilmiş sığorta anlayışı, sığorta əməliyyatları
insanların qəflətən bütün növ daşınmaz əmlaklarını yanğın və sairə kimi bədbəxt
hadisələr nəticəsində itirməkdən tam olmasa da qoruya biləcək, onların əvvəlki
qaydada yaşamaq və işləmək imkanını qaytarmaq üçün ümid deyil, real şərait - imkan
yaradacaq tək şey - daşınmaz əmlakın və onun məsuliyyətinin icbari
sığortasıdır. Daşınmaz əmlakı sığorta etdirərkən onun real balans dəyərinin qeyri-real
göstərilməsi, müqavilə bağlanarkən sığortaçıya olunacaq ödənişin azalmasına səbəb
olursa, bu, sığorta hadisəsi baş verdikdə, sığortaçı tərəfindən ödəniləcək məbləğin
də yetərincə az olması ilə nəticələnir ki, bu halın özü də yanğın hadisəsi kimi
peşmançılıq və pərişanlıq gətirir. Azərbaycan vətəndaşlarına müraciət edərək daşınmaz əmlakınızı həvəsli,
könüllü, tam dəyəri ilə sığorta etdirməyə çağırır, dəvət edirik! Təsadüfi
deyildir ki, daşınmaz əmlakın sığortasına nəzarət funksiyası sizləri yanğın hadisələrindən
qoruyan, mühafizə edən və xilas edən Fövqəladə Hallar Nazirliyinə həvalə
edilmişdir. Daşınmaz əmlakın sığortası zamanı müqavilə bağlanması ərəfəsində və
prosesində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə
müraciət edin, əmlakınıza aid yanğın-texniki müayinə keçirilməsini tələb edin,
yanğın-texniki müayinə aktını alın, müayinə zamanı və tərtib olunmuş aktda
ünvanınıza iradlar bildirilirsə, onları dərhal aradan qaldırın! Dövlət Yanğın Nəzarəti
Xidmətindən köməklik istəyin, bir sözlə, həm Fövqəladə Hallar Nazirliyi, həm də
lisenziyalı fəaliyyətlə məşğul olan sığorta şirkətləri ilə könüllü, həvəsli və
qarşılıqlı inam şəraitində əməkdaşlıq edin! Fövqəladə Hallar Nazirliyi və dövlətimizin qəbul etdiyi qanunlar əsasında
fəaliyyət göstərən sığorta şirkətləri sizin rifahınız, sağlam şəraitdə
yaşamağınız, işləməyiniz, dincəlməyiniz, təhsil və müalicə almağınız üçün bədbəxt
hadisələrdən maksimum dərəcədə qorunmağınız, hər mənada zərərlərinizin minimum
olması üçün yaradılmış qurumlardır. Yanğın hadisələrindən uzaq olasınız! Bütün fəaliyyət növlərində
uğurlar qazanasınız! Dövlət Yanğın Nəzarəti
Xidməti
Facebook-da paylaş