FHN-dən taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirləri
Bu gün taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli
sahələrindəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün
artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət
tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Taxıl tədarükü ilə bağlı qarşıya
qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın
təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı
bütün zəruri tədbirlər həyata keçirilməlidir. Birinci növbədə qeyd edilməlidir
ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə
orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer
təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının,
traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və
s. ümdə vəzifəsi olmalıdır. Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından
asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın
təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan
qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl
olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri
arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot yığımına başlamazdan əvvəl mülkiyyət
formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən
hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin
odsöndürmə vasitəsi ilə tam təmin etməlidirlər. Məhsul yığımında iştirak edən texnikanın hamısı işə
başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın
təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra
sahəyə buraxılmalıdır. Məhsul yığımında iştirak edən bütün texnikaların,
mühərriklərin atqı boruları qığılcım söndürənlərlə təmin edilməlidir. Kollektorların
birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr
olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin
yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları mütləq
qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin
qarşısını almaq məqsədilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan
texnikaların istifadəsinə icazə verilməməlidir. Mühərriki akkumlyatorla işə salınan kombayn, traktor
və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumlyatorları işlədicilərdən
ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı
izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və
mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən
keçən yerlərdə rezin və yaxud plasmas borularla mühafizə olunmalıdır. Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar
adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən
buraxılmaqla işə salınması kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və
yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanılması
qəti qadağandır. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər
təxirəsalınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları
taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az
olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr
aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfindən
zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş
ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı
müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli
yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir. Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında,
ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı
və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində
"Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret
çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların
böyük sahələrə yayılmasının qarşısını almaq məqsədilə kotanlı traktorlar
olmalıdır. Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və
tonqal qalanması qəti qadağandır. Tarla şəraitində traktor, kombayn və digər maşınların
yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra
yanacaq doldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların
yanacaqla doldurulması qəti qadağandır. Yığım maşınlarının diyircəklərinin və digər sürtülən
hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında
yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların
digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi
vaxtlı-vaxtında təmizlənməlidir. Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl
zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki
örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı
məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır.
Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına
yetişdirilir. Elin bu sərvətini yanğından qoruyun! Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın
Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi
Facebook-da paylaş