“Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafına xidmət edən siyasəti” mövzusunda videokonfrans keçirilib
İyulun 21-də “Heydər Əliyev İli” çərçivəsində 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzi və Zərdab Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafına xidmət edən siyasəti” mövzusunda Zoom platforması üzərindən videokonfrans keçirilib. Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Zərdab Rayon Heydər Əliyev Mərkəzlərinin və Həsən bəy Zərdabinin Ev Muzeyinin direktor və əməkdaşları iştirak ediblər.
Videokonfransı Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq iştirakçıları salamlayıb və Azərbaycan milli mətbuatının keçdiyi 148 illik tarixi yol haqqında məlumat verib. Bildirib ki, “Əkinçi”dən başlayaraq xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə, ölkəmizin davamlı inkişafına öz layiqli töhfəsini verən Azərbaycan mətbuatı vətənpərvərlik hisslərinin aşılanmasında, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamışdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifpərvər, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazılıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və mətbuat azadlığı sahəsində mütərəqqi qanunvericilik bazası yaradıldı.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək milli mətbuatımızın bugünkü inkişaf mərhələsində Ulu Öndər Heydər Əliyevin apardığı siyasi fəaliyyət haqqında danışıb. O, bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycana rəhbərliyə başladığı gündən milli mətbuatımızın himayədarına çevrildi və ölkədə söz azadlığının, fikir azadlığının bərqərar olması istiqamətində misilsiz fəaliyyət nümayiş etdirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi ilə mətbuat sahəsində yüksək irəliləyişlər baş verdi. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi.
Sonra Həsən bəy Zərdabinin Ev Muzeyinin direktoru Vəfa Bayramova çıxış edərək Zərdabinin həyat və yaradıcılığından, keçdiyi şərəfli yoldan ətraflı danışıb.
Sonda Həsən bəy Zərdabinin Ev Muzeyinə virtual baxış keçirilib. Videokonfrans iştirakçıları Azərbaycan milli mətbuatının keçdiyi 148 illik keşməkeşli tarixi yolu özündə əks etdirən eksponatları, Həsən bəy Zərdabinin ailəsi, övladları, cildlənmiş əsərləri, əlyazmaları, Zərdabinin ailəsinə məxsus şəxsi əşyaları ilə virtual olaraq tanış olublar, muzeyi onlayn ekskursiya ediblər.
Facebook-da paylaş