“Əkinçi”dən başlanan şərəfli yol
Azərbaycan xalqı böyük
milli-mənəvi dəyərlərə malikdir. Bu milli-mənəvi dəyərlərin əsaslarından biri
də Azərbaycan Milli Mətbuatıdır.
Azərbaycanın görkəmli alimi,
təbiətşünas və maarifpərvəri Həsən bəy Zərdabinin (1837-1907) nəşr etdirdiyi
"Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyulmuşdur. Qəzet 1875-ci il iyul
ayının 22-dən nəşrə başlamışdır. "Əkinçi” qəzetinin nəşrə
başlandığı həmin gün - 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü
kimi qeyd olunur.
H.Zərdabi
"Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin
muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin
ki, xalq da onun əlacının dalınca getsin. Böyük ictimai xadim, maarifçi,
mütəfəkkir şəxsiyyət Həsən bəy Zərdabi "maarifdən, elmdən məhrum olan xalq
işıqdan məhrumdur” deyərək cəhalətin, nadanlığın hökm sürdüyü bir dövrdə maarif
məşəlini yandıranlardan biri olmuş və ömrünün sonunadək bu məşəli şərəflə və
əzmlə daşımışdır.
"Əkinçi” qəzetinin nəşrinə
icazə alınmasına böyük zəhmət və mübarizə nəticəsində nail olunmuşdur. Çünki
çar Rusiyası Azərbaycanda gücləndirilmiş ruslaşdırma siyasəti aparır, digər
tərəfdən isə yalançı din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən bəyə
maneəçilik törədirdilər. Ana dilində və milli ruhda qəzet nəşrinə icazə almaq
üçün böyük pedaqoq Həsən bəy çar hökumətinə bir neçə dəfə xahişlə müraciət
etmiş, ancaq idarələrdə, dəftərxanalarda süründürülməkdən başqa bir nəticə əldə
edə bilməmişdir. Təsadüfdən zərurət doğar - termininə nəzərən xoşbəxt bir
təsadüf nəticəsində Həsən bəy qəzetin nəşrinə icazə almasına müvəffəq ola
bilir. Bu əhvalatı sonralar Həsən bəy "Həyat” qəzetində belə xatırlayır: "O
vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə
gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla
dostluq edirdi, mən öz dərdimi ona söylədim: qəzeti "Əkinçi” adlandırmağı və
orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi
bildirməyi bu qadın mənə məsləhət gördü. O, özü senzor olmağa razılıq verdi və
nəhayət bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım”.
H.Zərdabi yazırdı ki: "Hər bir
vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri
elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və
xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi
görsün”.
"Əkinçi” qəzetinin proqramı
zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən,
gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil,
elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları
oxutmaq məsələsi geniş yer tuturdu.
Milli-mənəvi dəyərlər və
bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən düz 146
il keçir. Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də
böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə
doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli
oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi” qəzetinin başlanğıcını qoyduğu
bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi,
xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü
təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib
formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə
yerinə yetirdi. Həsən bəy Zərdabi "Əkinçi”ni nəşr etdirməklə, Azərbaycan
demokratik mətbuatının bünövrəsini qoydu. "Əkinçi” Azərbaycanda ictimai fikrin
canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi” qoysa
da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində
oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi” də öz növbəsində ana dilinin
saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Böyük ziyalı, işıqlı insan
H.Zərdabi həyatı boyu qəzetin səhifələrindəki yazı ilə xalqına fayda verməklə
zəhmətkeş xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə,
haqsızlığa, rəzalətə qarşı mübarizə aparan mətbuatın bünövrəsini qoydu. O yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm
görməyir, deyirəm qanmayır. Axırda gördüm ki... Qəzeti çıxarmaqdan savayı bir
qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o
iman mənzilinə çata bilsin... Heç olmasa ki, doğru söz yerdə qalmasın”.
Xalqımız
müxtəlif tarixi dönəmlərdə ayrı-ayrı imperiyaların tərkibində yaşamasına
baxmayaraq, nə dilini, nə dinini, nə də adət-ənənəsini itirmədi. Bütün bu
dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı.
"Əkinçi” özündən sonra "İrşad”, "Həyat”, "Azərbaycan” qəzetlərinin, "Molla
Nəsrəddin” jurnalının meydana çıxmasına yol açıb. İctimai fikir və mətbuat
tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev,
Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil
Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin yeri
və rolu əvəzsizdir. Onların ideya və baxışları sırf azərbaycançılıq məfkurəsi
ilə yoğrulmuşdu, xalqı, milləti maariflənməyə, milli-mənəvi dəyərlərə
yiyələnməklə bəşəri yüksəlişə və inkişafa səsləyib. Məhz bu səs-sədanın gücü
ilə XIX əsrin ikinci yarısından başlayaraq XX yüzillikdə xalqımızın
ictimai-siyasi və mədəni həyatında ölçüyə sığmayan inkişaf baş verib. Xalqımız
maariflənib, savadlanıb, onu cilovlayan müstəmləkə zəncirindən azad olmaq üçün
mücadilə yoluna çıxıb. Müsəlman Şərqində ilk müstəqil demokratik dövlətini
quran xalqımız bu dövrün zəngin mətbuat tarixini də yaradıb. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə dərc olunan nəşrlərdə milli şüura və ictimai fikrə təsir
edən çoxlu sayda məqalələr işıq üzü görüb.
Cəmi 2 il
nəşr olunub 1877-ci ildə fəaliyyətini dayandıran "Əkinçi” qəzetinin 56 nömrəsi
çıxmışdır. "Əkinçi” qəzetinin ömrünün az olmasına baxmayaraq Azərbaycan mətbuat
tarixində böyük rol oynamışdır. Demokratik ideyalarla dolu olan bu qəzet
məktəb, maarif, elm və mədəniyyətin inkişafında çox böyük xidmətlər
göstərmişdir. "Əkinçi” qəzetinin bu ideyaları Azərbaycan maarifpərvərlərinin
demokratik pedaqoji ideyalarının inkişafına müsbət təsir etmişdir.
1979-cu
ildə "Əkinçi” qəzetinin bütün nömrələrinin toplandığı "Əkinçi” kitabı nəşr
edilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü
il tarixli Sərəncamı ilə latın qrafikasında yenidən çap olunmuşdur.
Azərbaycanda kütləvi informasiya vasitələrinin
hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli
diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst
surətdə istifadə etməsi üçün hüquqi əsasların, əlverişli şəraitin mövcud
olmasıdır. Ölkəmizdə söz, fikir azadlığı konstitusion əsasda təsbit edilib, hər
bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə
istifadə edə bilir.
Bu
gün Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin
formalaşdırılıb. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazanmasına
baxmayaraq Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlməsindən
sonra bütün sahələrdə olduğu kimi, mətbuatda da əsaslı və müsbət dəyişikliklər
baş verdi. Ümummilli Liderin
1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir
və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla
mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə
edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan
senzura aradan qaldırıldı və Azərbaycan mətbuatının inkişafında yeni dövrün
başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və
maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı.
1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu
media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahədə hüquqi bazanın zənginləşdirilməsi
işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli Liderin Sərəncamı
ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart
ayında Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı.
Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident
İlham Əliyev tərəfindən mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli
nəticələr əldə edilib. Ölkə başçısının 2008-ci il 31 iyul tarixli "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı
göstərilməsi haqqında” Sərəncamı ilə kütləvi informasiya vasitələrinin "Azərbaycan”
nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Bundan başqa, 2008-ci ildə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın qəbul olunması və 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)
yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti mərhələ
kimi dəyərləndirilməlidir.
Ölkəmizdə
mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də
ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanda jurnalistlərə fəxri
adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə
və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır.
Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya
qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, Prezident İlham Əliyevin 2010-cu
il 22 iyul tarixində imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən 156 mənzildən ibarət 17 mərtəbəli
bina tikilib Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Həmçinin
ölkə başçısının "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən
3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın 2017-ci il iyulun 20-də istifadəyə
verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin
atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha
təsdiqləyir.
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 130, 135,140 və 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley
münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, kütləvi informasiya
vasitələrinə maliyyə yardımının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını nümayiş etdirdi.
Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğını mən öz fəaliyyətimdə
əyani şəkildə görmüşəm. Azərbaycan Milli Mətbuatının 2010-cu ildə keçirilən 135
illik yubileyi münasibətilə mən ölkə başçısının Sərəncamına əsasən "Tərəqqi”
medalı ilə təltif olunmuşam. Bu, bölgədə yaşayan bir jurnalist kimi mənim əməyimə
verilən ən böyük dəyərdir. Bununla əlaqədar Prezident İlham Əliyevə bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Mənim kimi yüzlərlə mətbuat işçisi belə yüksək şəkildə qiymətləndirilmişdir.
Ulu
Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdikləri
diqqət və qayğının nəticəsidir ki, Ümummilli Lider 2002-ci ildə, ölkə başçısı
isə 2010, 2013, 2017 və 2018-ci illərdə "Ruh” Azərbaycan Jurnalistləri Müdafiə
Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu” mükafatına layiq
görülmüşlər.
İkinci
Qarabağ savaşında mətbuat işçiləri əsl fədakarlıq və qəhrəmanlıq nümayiş
etdirdilər. Jurnalistlər 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Bunun
nəticəsidr ki, müharibə ilə, eləcə də erməni vandalizmi ilə bağlı həqiqətlər
dünya ictimaiyyətinə çatdırıldı. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər
rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması bütün dünyada
böyük rezonansa səbəb oldu. Mətbuat işçiləri informasiya müharibəsində öz
peşəkarlığı və vətənpərvərliyi ilə bu gün də fərqlənirlər.
Prezident
İlham Əliyev mətbuat işçiləri ilə növbəti görüşü zamanı demişdir: "Ona görə, hər
bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ
fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.
Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı
artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların
müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Hazırda
hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir
informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi,
siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması
və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik
prinsipləri əsasında fəaliyyət göstərərək milli maraqların keşiyində
dayanıb. Respublikamızda həyata keçirilən uğurlu media siyasəti, dövlətin
yüksək səviyyəli diqqət və qayğısı nəticəsində Azərbaycan mətbuatı milli dəyərlər
əsasında inkişaf edərək öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. "Əkinçi”dən
başlanmış şərəfli yol bu gün özünün ən yüksək
səviyyəsinə çatmışdır.
Elçin İSMAYIL,
"Göyəzən” qəzetinin baş
redaktoru
Facebook-da paylaş