Qazaxda “Heydər Əliyev - milli mətbuatın hamisi” mövzusunda videokonfrans keçirilib
Bu gün "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 30 iyun 2020-ci il tarixli sərəncamına əsasən Qazax Rayon Heydər Əliyev Mərkəzi, Zərdab Rayon Heydər Əliyev Mərkəzi və Ucar Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev - milli mətbuatın hamisi” mövzusunda videokonfrans keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq bu gün 145 yaşını qeyd edən milli mətbuatın yaranma tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamış, görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulub. 1877-ci ilin sentyabrına qədər çap edilmiş və cəmi 56 sayı işıq üzü görmüş qəzetin nəşri Çar Rusiyası tərəfindən dayandırılmışdır. Bakıda ana dilində çap edilmiş "Əkinçi” qəzeti Qafqazda böyük əks-səda doğurmuşdu. "Əkinçi”dən sonra "Ziya”, "Kəşkül”, ”Kaspi” qəzetləri nəşr edilmiş, "Şərqi Rus”, ”Həyat”, "Açıq söz”, ”Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır. Sonra "Molla Nəsrəddin” nəşrə başlamış, redaktoru qadın olan Xədicə xanım Əlibəyova "İşıq” jurnalını çap etdirmişdir.
Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək jurnalistika fəaliyyəti ilə məşğul olan bütün mətbuat işçilərini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. K.Rəhimova qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuatda da özünü göstərdi. Bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da mətbuat şurası yaradılıb. Mətbuat haqqında qanun qəbul edilib. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratik institut kimi müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində öz təsdiqini tapır.
Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış edərək bütün mətbuat nümayəndələrini təbrik edib, hər zaman xoş müjdəli xəbərlərin müəllifi olmaqlarını arzulayıb. M.Qəribova qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci 16 avqust tarixli "Azərbaycan Respublikasında düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” imzaladığı fərman ilə ölkədə kütləvi informasiya vasitələrinin üzərindən senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına təkan verdi. 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı ki, bu da mətbuata, mətbuat işçilərinə olan diqqətin, qayğının bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş