• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda videokonfrans keçirilib


Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir. 23 iyul 1993-cü ildə işğal olunmuş respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. 27 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
İyulun 20-də Qazax Rayon Heydər Əliyev Mərkəzi, Beyləqan Rayon Heydər Əliyev Mərkəzi və Tərtər Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib. "Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda təşkil olunmuş videokonfransda Qazax Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları da iştirak ediblər. 
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, 35 ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycanın milli maraqlarını hər zaman uca tutan Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin əsassız torpaq iddiaları hər zaman iflasa uğramışdır. Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını və insanların düşüncələrini çox yaxşı bilən Heydər Əliyev Sovet rəhbərliyində olduğu müddət ərzində ermənilərin məkrli ərazi iddialarının heç biri həyata keçmədi. 1987-ci ildə Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək respublikanın Qərbində yerləşən Ermənistanla 168 km həmsərhəd olan Qazax rayonunun da daim ermənilərin silahlı təcavüzünə məruz qaldığını bildirib. Bu gün həmin təcavüz nəticəsində rayonun Bağanıs Ayrım,Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu diqqətə çatdırıb. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli  Bala Cəfərli kimi 5 kəndin isə daim düşmən gülləsinin atəşinə məruz qaldığını vurğulayıb. Qeyd edib ki, Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu bildirərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova və Beyləqan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək bildiriblər ki, dövlət başçısı İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır. Əminik ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrənglı bayrağımız doğma Qarabağımızda, Şuşada dalğalanacaq.





 
GOYEZEN.AZ



Facebook-da paylaş