Ağdam rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalından 27 il keçir. 23 iyul 1993-cü ildə işğal olunmuş respublikamızın dilbər
guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq
abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. 27 ildir
ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
İyulun 20-də Qazax Rayon Heydər Əliyev Mərkəzi,
Beyləqan Rayon Heydər Əliyev Mərkəzi və Tərtər Rayon Heydər Əliyev
Mərkəzlərinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar videokonfrans
keçirilib. "Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı
apardığı mübarizə” mövzusunda təşkil olunmuş videokonfransda Qazax Tarix Diyarşünaslıq
Muzeyinin əməkdaşları da iştirak ediblər.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı
giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən
söz açıb. Qeyd edib ki, 35 ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət,
müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycanın
milli maraqlarını hər zaman uca tutan Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin
əsassız torpaq iddiaları hər zaman iflasa uğramışdır. Qarabağın tarixini,
coğrafiyasını, iqtisadiyyatını və insanların düşüncələrini çox yaxşı bilən Heydər
Əliyev Sovet rəhbərliyində olduğu müddət ərzində ermənilərin məkrli ərazi
iddialarının heç biri həyata keçmədi. 1987-ci ildə Heydər Əliyev Sov.İKP
plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Ermənistan Azərbaycana
qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı.
1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək
respublikanın Qərbində yerləşən Ermənistanla 168 km həmsərhəd olan Qazax rayonunun
da daim ermənilərin silahlı təcavüzünə məruz qaldığını bildirib. Bu gün həmin təcavüz nəticəsində rayonun Bağanıs Ayrım,Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndinin düşmən tapdağı altında olduğunu diqqətə
çatdırıb. Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndin isə daim düşmən gülləsinin atəşinə məruz qaldığını
vurğulayıb. Qeyd edib ki, Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun
13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını
alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu
bildirərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə
Yusibova və Beyləqan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış
edərək bildiriblər ki, dövlət başçısı İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi
bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini irəli
sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə
həll olunacağına ümidləri daha da artırır. Əminik ki, Ümummilli Liderin siyasi
kursunu uğurla davam etdirən Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız
üçün müqəddəs olan üçrənglı bayrağımız doğma Qarabağımızda, Şuşada
dalğalanacaq.
GOYEZEN.AZ
Geri qayıt
|