Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr” mövzusunda dəyirmi masa təşkil olunub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələr” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin, Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun işçiləri, muzeyin əməkdaşları və gənclər iştirak ediblər.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova tədbiri giriş sözü ilə açaraq Qazax rayonunun dünya, ölkə və yerli əhəmiyyətli abidələrindən, tarixi abidələrin və yerlərin bugünkü vəziyyətindən, qorunmasından və bərpasından danışıb. Gəncləri dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələri, xüsusi əhəmiyyətli muzeyləri, arxeoloji düşərgələrin tarixini, fəaliyyətini yaxından öyrənərək onlara sahib çıxmalarını, gələcək nəsillərə ötürülməsi üçün öz töhfələrini vermələrini tövsiyə edib.
Fəal gənc Akif Əmirov çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyevin tövsiyələrinə əsasən muzeylərin, Heydər Əliyev Mərkəzlərinin, Gənclər Mərkəzlərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyətlərinin günün tələblərinə uyğun qurulmasından və gənclər üçün əlçatanlığın təmin edilməsindən söz açıb.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov və tarixçi Nofəl Qurbanov tarixi abidələrimizin tanıdılması və təbliği işinin daha intensiv aparılmasının vacibliyini vurğulayıblar. Mütəmadi olaraq gənclərin iştirakı ilə tarixi abidələrlə bağlı mühazirələrin təşkil olunmasını bildiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində yekunlaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş