• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin irsinin təbliğ edilməsi məqsədilə rayon məktəblərində mühazirələrin oxunmasına start verib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş Tədbirlər planına əsasən Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi məqsədilə il ərzində rayonun orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə mühazirələr oxunması nəzərdə tutulub.

26 Fevral – Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində ilk mühazirə bu gün Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində "Heydər Əliyevin Ermənistanın əsassız ərazi iddialarına qarşı apardığı mübarizə” mövzusunda olub. Həmçinin Mərkəzin əməkdaşları mövzuya uyğun kitablardan ibarət sərgi də nümayiş etdiriblər.

Mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova apararaq bildirib ki, sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Lakin Heydər Əliyev nə qədər təhlükəli olsa da təzyiqləri rədd edərək prinsipial mövqe göstərir və erməni millətçilərinin qarşısını qətiyyətlə alırdı. XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. Beləliklə, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

 

1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəs razılığı əldə edildi, ordu quruculuğu sahəsində əsaslı işlər görüldü. Bundan əlavə, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə və işğalçılıq siyasətinin hərtərəfli tədqiqi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində mühüm işlər görüldü.

Mühazirədən sonra məktəbin direktor əvəzi Donara Həsənova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Həsənova çıxış edərək mövzu ətrafında öz fikirlərini bildiriblər. 45 dəqiqə müddətində davam edən dərsdə 25 şagird dinləyici kimi iştirak edib.

Sonda şagirdlər Azərbaycana qarşı ermənilərin törətdikləri terrorlara, soyqırımlara həsr olunmuş, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitablarla tanış olublar.




 

GOYEZEN.AZ



Facebook-da paylaş