Qazaxda 22 İyul – Milli Mətbuat Günü qeyd olunub
Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən, mətbuat sahəsində çalışan bir qrup jurnalist iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək jurnalistləri bayram münasibətilə təbrik edib, 144-cü
ildönümünü qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan söz
açıb. Qeyd edib ki, Milli Mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə
fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl
ideyaların carçısı və daşıyıcısı olduğu hər kəsə məlumdur. İcra başçısı qeyd edib
ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra
problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində
vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının
təsbit olunması, senzuranın ləğvi Milli Mətbuatımızın inkişaf etməsinə böyük
təkan verdi. Ulu Öndərin diqqəti və qayğısı sayəsində
mətbuat sahəsində bəzi problemlərin operativ həllini tapması, qəzetlərin əlavə
dəyər və mənfəət vergisindən azad edilməsi, onlara kreditlərin ayrılması bir
daha sübut etdi ki ümummilli lider hər zaman jurnalistlərin yanında olub. Ümummilli Liderin mətbuata bu cür dost
münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev
2002-ci il martın 22-də "RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
tərəfindən "Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Rayon
rəhbəri ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham
Əliyevin də mətbuat sahəsinə böyük diqqət və qayğı göstərdiyini, onun təşəbbüsü
ilə dəfələrlə qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına
ödənilməsini xüsusi vurğulayıb. Ulu öndərin mətbuat sahəsi ilə bağlı
ənənələrinin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini qeyd
edib. "Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır”, - deyən
icra başçısı bu gün ölkəmizdə mətbuat və söz azadlığı, kütləvi informasiya
vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl
tədbirlərin də həyata keçirildiyini bildirib. Milli Mətbuatımızın
yubileylərinin ölkədə geniş qeyd olunmasını, KİV-lərə birdəfəlik yaradımların
göstərilməsini, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirlərini, həmçinin Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə
jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamları, media
təmsilçiləri üçün çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsini
mətbuata yüksək dövlət qayğısının tərkib hissəsi kimi qiymətləndirib. Rayon rəhbəri
qeyd edib ki, məhz ölkə başçısının jurnalistlərə olan qayğısının nəticəsidir
ki, 2010, 2013 və 2017-ci illərdə "Jurnalistlərin
dostu” mükafatına layiq görülüb. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi
informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin
yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. İcra başçısı qeyd edib ki, Azərbaycan
Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması
haqqında Respublika Prezidenti İlham Əliyevin bu gün imzaladığı 22 iyul 2019-cu il Sərəncamı bir daha göstərdi ki, dövlətin
mətbuat işçilərinə olan qayğısı bundan sonra da davam etdiriləcəkdir. Mətbuat nümayəndələrindən Elçin İsmayıl, Sərhəd Məmmədov,
Sadəddin Həsənov, Nemət Novruzov, Hacı Müvəssəqi, Səhəddin Allahverdiyev, Mahir
Qocayev, İlham Mustafayev, Fəridə Əbülfəhti, Ələddin Qarayev çıxış edərək ölkəmizdə söz, fikir
və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya
vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək
verildiyini qeyd ediblər. Çıxış edənlər dövlət başçısının ölkə həyatının bütün
sahələrinə olduğu kimi, jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət
problemlərinin həllinə də daim xüsusi diqqət yetirdiyini nəzərə çatdırıblar. Ölkə
rəhbəri tərəfindən bu gün imzalanan sərəncamın mətbuat sahəsinə olan diqqət və
qayğının parlaq nümunəsi olduğunu qeyd ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qələm
sahiblərini peşə bayramları münasibətilə bir daha təbrik edib, müstəqil Azərbaycanın
çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş