Bu gün "Azərbaycan milli mətbuatının 145
illik yubileyinin keçirilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 30 iyun 2020-ci il
tarixli sərəncamına əsasən Qazax Rayon
Heydər Əliyev Mərkəzi, Zərdab Rayon Heydər Əliyev Mərkəzi və Ucar Rayon Heydər
Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev - milli mətbuatın
hamisi” mövzusunda videokonfrans keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova videokonfransı
giriş sözü ilə açaraq bu gün 145 yaşını qeyd edən milli mətbuatın yaranma
tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan milli mətbuatının təşəkkül
tapmasında əvəzsiz rol oynamış, görkəmli
ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzetinin
1875-ci il iyulun 22-dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulub.
1877-ci ilin sentyabrına qədər çap edilmiş və cəmi 56 sayı işıq üzü görmüş qəzetin
nəşri Çar Rusiyası tərəfindən dayandırılmışdır. Bakıda ana dilində çap edilmiş "Əkinçi”
qəzeti Qafqazda böyük əks-səda doğurmuşdu. "Əkinçi”dən sonra "Ziya”, "Kəşkül”, ”Kaspi”
qəzetləri nəşr edilmiş, "Şərqi Rus”, ”Həyat”, "Açıq söz”, ”Azərbaycan” kimi
demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır. Sonra "Molla Nəsrəddin”
nəşrə başlamış, redaktoru qadın olan Xədicə xanım Əlibəyova "İşıq” jurnalını
çap etdirmişdir.
Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
çıxış edərək jurnalistika fəaliyyəti ilə məşğul olan bütün mətbuat işçilərini 22
İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. K.Rəhimova qeyd edib ki, Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuatda
da özünü göstərdi. Bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi
qeydiyyatdan keçib. Demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da mətbuat
şurası yaradılıb. Mətbuat haqqında qanun qəbul edilib. Azərbaycanda insan hüquqları,
siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratik institut kimi
müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində öz təsdiqini tapır.
Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova
çıxış edərək bütün mətbuat nümayəndələrini təbrik edib, hər zaman xoş müjdəli xəbərlərin
müəllifi olmaqlarını arzulayıb. M.Qəribova qeyd edib ki, ulu öndər Heydər
Əliyevin 1998-ci 16 avqust tarixli "Azərbaycan Respublikasında düşüncə və
informasiya azadlığının təmin edilməsi tədbirləri
haqqında” imzaladığı fərman ilə ölkədə kütləvi informasiya vasitələrinin üzərindən
senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli
inkişafına təkan verdi. 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin imzaladığı
sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı ki, bu da mətbuata,
mətbuat işçilərinə olan diqqətin, qayğının bariz nümunəsidir.
GOYEZEN.AZ
Geri qayıt
|