• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda onlayn vebinar keçirilib


İyulun 13-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun birgə təşkilatçılığı ilə xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünün başlanğıcı olan 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsi  ilə əlaqədar "Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda onlayn vebinar keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, Ağstafa, Şəmkir, Gəncə, Samux, Daşkəsən və Zərdab Heydər Əliyev Mərkəzlərinin direktorlarının iştirakı ilə keçirilən vebinarda Ümummilli Liderin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi misilsiz xidmətlərdən söz açılıb.

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova vebinarı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz tutumuna görə böyük bir epoxadır. Heydər Əliyev tarixin yetirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, iki dövlət quruluşunda hakimiyyətin zirvəsinə yüksəlmiş, hər ikisində də xalqına ləyaqətlə xidmət etmiş qüdrətli dövlət xadimi, mahir siyasətçi olmuşdur. 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində çox böyük əhəmiyyəti ilə önəmli yer tutur. Bu tarix Azərbaycanın, dövlətin və dövlətçiliyin, xalqın özünəqayıdışının və milli məfkurənin yüksəlişinin başlanğıc dövrüdür. Dahi siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövründə Sovet İttifaqı kimi böyük bir imperiyanın iqtisadi potensialından istifadə edərək Azərbaycanın gələcəyi üçün göstərdiyi xidmətlərdən danışan Ceyhunə Hüseynova qeyd edib ki, bütün bu xidmətləri ilə Heydər Əliyev müstəqilliyimizin təməl daşını qoydu və bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında öz sözünü deməkdədir.


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək məhz Heydər Əliyevin əzmi sayəsində 1970-1985-ci illərin Azərbaycanda quruculuq dövrü kimi tarixə düşdüyünü vurğulayıb. Heydər Əliyevin min cür maneəni dəf edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasətini yeritdiyini və ölkənin müstəqilliyinə aparan yolun əsasını qoyduğunu bir daha diqqətə çatdırıb.

Sonra Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Maisə Məmmədova və Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin I katibi seçilməsi ilə ölkə iqtisadiyyatının, sənaye və kənd təsərrüfatının yüksəlməsi, şəhər və kəndlərin abadlaşdırılması, yollar çəkilməsi, xalqın qədim mədəniyyət və ənənələrinin dirçəldilməsi, əhalinin sosial, mədəni və təhsil səviyyəsinin yüksəldilməsi üçün göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.





GOYEZEN.AZ



Facebook-da paylaş