• Təqvim

  • Maraq



Ən böyük Azərbaycanlının Vətən qarşısında misilsiz fədakarlığı


Bu gün Azərbaycan xalqının və dövlətinin tarixində dövlətin əsasının qoyulması və onun möhkəm təməl üzərində qurulması, inkişafı kimi möhtəşəm bir mərhələnin 30-cu ilidir. Düz 30 il əvvəl Azərbaycanın başının üstünü qara buludlar alanda, müstəqilliyimiz təhlükə ilə üz-üzə qalanda xalqın ümumi iradəsi ilə Azərbaycanın gələcək tarixinin, xalqımızın taleyinin müəyyənləşməsində həlledici rol oynayan bir şəxsiyyət tarixi xilaskarlıq missiyasını üzərinə götürmək üçün qayıdış etdi. Bu qayıdış xalqın ona bəslənən ümidlərinin yenidən parlaması, Azərbaycanın yenidən yoxdan var edilməsi, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının qurtuluşu idi. Xaosdan, hərc-mərclikdən, anarxiyadan qurtuluşu. 1993-cü il iyunun 15-də başlanan bu qurtuluş məfkurəsinin banisi isə Azərbaycan adlı xalqın böyük oğlu dahi şəxsiyyət Heydər Əliyevdir. 

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan çox keçmədən xarici və daxili qüvvələrin təsirinə məruz qaldı. Ölkəmizdə siyasi böhran şiddətləndi, vətəndaş qarşıdurması kəskinləşdi, qonşu dövlətlərin ölkəmizə qarşı təcavüzü son həddə çatdı. Bütün bunların kökündə isə yenicə müstəqilliyinə qovuşmuş dövlətə liderlik qabilliyyəti olmayan, səriştəsiz, ən əsası millət, xalq, Vətən təəsübkeşi olmayan insanların hakimiyyəti zorla ələ keçirməsi dururdu. Azərbaycan torpaqlarının işğalı davamlı xarakter aldığından, dövlət əmlakı talan edildiyindən, siyasi rəhbərlikdə olanlar isə xalqı düşünmək əvəzinə “kreslo” xülyası ilə fəaliyyət göstərdiyindən sosial durum çox acınacaqlı hal almış, siyasi vəziyyət olduqca gərginləşmişdi. Ölkəni idarə edə biləcək, xalqı öz arxasınca apara biləcək güclü və əsl liderə ehtiyac var idi. Bu şəxsiyyət yalnız və yalnız Heydər Əliyev idi. Belə olan halda xalq sıx birləşərək taleyini özü həll etməyə qərar verdi. 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri xalq özü hakimiyyətdən saldı. 1993-cü ilin iyunun 9-da xalqın səsinə səs verərək Heydər Əliyev Bakıya qayıtdı. Və bu qayıdış müasir tariximizin dönüş nöqtəsi-milli qurtuluşumuz oldu.

Heydər Əliyev “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” - deyərək qurtuluş missiyasını üzərinə götürdü və 70 il əvvəlki xəyanətkarlıqdan daha dəhşətli olan bir bəladan qurtardı ölkəni və dövlət müstəqilliyimizi.


Çevriliş yolu ilə siyasi hakimiyyətə gəlmiş sovet imperiyasının “sadiq qulları” Heydər Əliyevin təcrübəsinə, siyasi fəhminə bələd olduqları halda dahi şəxsiyyətdən, fenomendən faydalanmaq istəmirdilər. Milli dövlət quruculuğunda milli həmrəylik və milli birlik ruhunda son dərəcə mühüm amil olan Heydər Əliyevi hər vəchlə siyasi meydandan sıxışdırıb çıxarmağa, onu Azərbaycandan və xalqdan təcrid etməyə çalışırdılar. AXC-Müsavat qaragüruhu, qəfil zühur etmiş oyuncaq “siyasi liderlər” və imperiya buyruqçularının hakimiyyət hərisliyi, şəxsi mənafeləri, milli maraqlara tam laqeyidlik səbəbindən Qarabağ problemi dərinləşmiş, torpaqlar işğal edilmiş, qısa müddət ərzində Azərbaycanın qonşu dövlətlərlə münasibəti korlanmış, xarici siyasət xəttində kobud səhvlərə yol verilmiş, ölkədə dövlətə deyil, ayrı-ayrı şəxslərə xidmət edən silahlı birləşmələr formalaşmış, iqtisadi böhran dərinləşmiş, xalqın həyat səviyyəsi xeyli aşağı düşmüş, konstitusiyaya zidd hərəkətlərə yol açılmış bir dövlət kimi müstəqilliyimizin varlığı təhlükə altına alınmışdır. 

Ölkədə hökm sürən dövlət böhranını aradan qaldırmaqda aciz qalan AXC-Müsavat birləşmələrinin Heydər Əliyevin fəaliyyətinə hər cür maneəsi nəticəsiz oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin iclasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevə son dərəcə ağır miras qalmasına baxmayaraq xalqın ağır günlərində azadlığın, müstəqil dövlətçiliyin xilas edilməsi kimi çətin, amma şərəfli bir missiyanın öhdəsindən gəlmək sözün əsl mənasında ən böyük Azərbaycanlının Vətən qarşısında misilsiz fədakarlığının əsası qoyuldu. 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə prezidentlik səlahiyyətləri Heydər Əliyevə verildi. 1993-cü il avqustun 29-da prezidentə etimad məsələsinə dair referendum keçirildi və xalq öz tarixi hökmünü verdi - 92,2 faiz səsvermə hüququ olan vətəndaşlar 97,5 faizlə AXC-Müsavata etimadsızlıq nümayiş etdirdilər. Sabaha daha böyük ümid və inamla xalqımız 1993-cü il oktyabrın 3-də Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti seçdi. 


Bundan sonra gerçəkləşən Milli Qurtuluş tarixləşdi, sosial–iqtisadi, siyasi inkişafın əsası qoyuldu, dövlətimiz möhkəmləndi, sivil dünyaya inteqrasiya prossesi başladı, əsl demokratik modern cəmiyyət qurulmağa başladı. Ölkədə nisbi sabitlik yarandı, beynəlxalq aləmdə Azərbaycana münasibət dəyişdi, “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Atəşkəsə nail olundu. Heydər Əliyevin rəhbərliyi Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi qlobal layihələrin fəal təşəbbüskarına çevrildi. Azərbaycanda həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz xarakter aldı. Heydər Əliyev siyasi hakimiyyətə qalxdığı gündən elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu sübut etdi. Öz xalqına arxalanaraq Azərbaycanı 1994-cü ilin oktyabr, 1995-ci ilin mart sınaqlarından da üzü ağ çıxararaq müdrik bir strateq kimi çıxılmaz böhranlardan çıxartmağı bacardı. Heydər Əliyev kiçik bir xalqın övladı olsa da böyük xalqların, böyük şəxsiyyətlərindən uca duran dahidir. Elə bir dahi ki, zəkasının nuru nəinki bu gün, gələcəkdə müstəqilliyimizin, dövlətçiliyimizin gələcəyini işıqlandıracaq, tərəqqi yoluna nur çiləyəcək. Qurtuluşun mübarək Azərbaycan! 

Ceyhunə HÜSEYNOVA

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş