• Təqvim

  • Maraq



Azərbaycanın bərpaolunan enerji potensialı


İqtisadiyyatın bütün sahələrində, məişətimizdə elə bir sahə yoxdur ki, orada enerjidən istifadə olunmasın. Buna görə də iqtisadi inkişafın sütunu adlandırılan enerji ilə təchizat məsələsi daim gündəlikdə duran aktual məsələdir. Müstəqillik illərində həyata keçirilən layihələrin tətbiqi ilə respublikamızın ən ucqar bölgələri belə fasiləsiz enerji ilə təchiz olunub.

Ölkəmizdə də alternativ üsullarla enerji alınması üçün kifayət qədər əlverişli mühit var. Belə ki, yerləşdiyi əlverişli coğrafi mövqeyi və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Belə mənbələrdən istifadə olunması istilik enerji stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməsi və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması deməkdir. Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi alternativ enerji mənbələrinin yaradılması istiqamətində konkret addımlar atmaqdadır. Azərbaycanın ənənəvi enerji növləri sahəsində malik olduğu zəngin potensial ölkəmizin tələbatına tam cavab versə də, perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident İlham Əliyev qarşıya konkret vəzifələr qoyub və müvafiq göstərişlər verib

Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var.

Prezident İlham Əliyevin 11 fevral tarixində "Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a verdiyi müsahibəsi zamanı bildirib ki, "Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il "Güləbird”, "Suqovuşan-1”, "Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.

Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı əvvəldə qeyd etdiyimiz kimi, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpa olunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisidir. Elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılması həm də karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq. Bu Paris sazişinin də öhdəliklərinə uyğundur.

Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir.

Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.

Ofeliya SALMANOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



Facebook-da paylaş