• Təqvim

  • Maraq



Cənub qaz dəhlizi yeni enerji damarıdır


Cənubi Qafqazın ən zəngin karbohidrogen ehtiyatlarına və enerji sisteminə malik ölkəsi Azərbaycandır. Bu səbəbdən ölkəmiz təkcə milli və regional səviyyədə deyil, ümumilikdə dünya enerji sistemində, transmilli enerji bazarında özünəməxsus yer tutmaqla yanaşı, həm də kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir ölkələrdəndir. Əsası 1994-cü ildə Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi” ilə qoyulan neft strategiyası müstəqil Azərbaycanın müasir, güclü, davamlı iqtisadi inkişafının təməli qoyuldu. Ölkəmiz bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi karbohidrogen yataqlarının işlənilməsi və dünyaya ixracı istiqamətində misilsiz işlərə imza atdı. "Əsrin müqaviləsi” ilə başlanan bu gün çox uğurla davam etdirilən energetika siyasəti yeni əsrin reallıqlarına uyğun daha da inkişaf etməkdədir. Dünyanın aparıcı dövlətləri ilə yeni müqavilələrin imzalanması, yeni layihələrinişlənilməsi Azərbaycanın nəinki regionda, həm də bütün dünyada enerji ixracatçısı olan etibarlı tərəfdaş kimi nüfuzunun göstəricisidir.

Azərbaycan qazının Avropaya birbaşa nəqlini təmin edən "Cənub qaz dəhlizi” təkcə neft-qaz sənayemizin deyil, ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti vardır. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi”nin əsası 7 ölkənin iştirakı ilə 2014-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirak etdiyi bu layihə Azərbaycana ixrac imkanlarını genişləndirməyə imkan yaradacaq. 6 ilə reallaşan "Cənub qaz dəhlizi”nin rəsmi açılışı 2018- ci il mayın 29-da Səngəçal terminalında oldu. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhir şəhərində istifadəyə verildi. 2015-ci ildən başlayaraq "Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının 6 görüşü olmuş, hər biri də Bakıda keçirilmişdir. Bu isə layihədə Azərbaycanın liderliyinin göstəricisidir.

"Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının növbəti görüşü - VIII toplantısı 4 fevral 2022- ci il tarixində keçirilmişdir. Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış etmişdir. Dövlət başçısı öz çıxışında bildirmişdir ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. "Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir”, - deyən Prezident İlham Əliyev "onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı” - deyə qeyd etmişdir.

Dövlət başçısı onu da vurğulamışdır ki, əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.

Prezident çıxışında onu da qeyd etmişdir ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Ən böyük yataq "Şahdəniz”dir - bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan "Abşeron”da tezliklə hasilata başlanılacaq. "Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq "Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. "Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. "Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir. Əhalinin sayının artması ilə əlaqədar daxili tələbatımız da artır- deyən dövlət başçısı Azərbaycanın demoqrafik vəziyyətinin çox müsbət olduğunu söyləmişdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Misal üçün, Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının "ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.

Bu gün biz xalq olaraq bir daha əmin oluruq ki, dövlət başçımız tərəfindən həyata keçirilən bütün bu layihələrin əsasında heç şübhəsiz vətəndaş məmnunluğu, əhalinin rifahı dayanır. Bu isə dövlətimizin siyasətinin əsas hissəsidir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş