Həm siyasi lider, həm də zəfər çalmış sərkərdə...
Azərbaycan xalqının iradəsini ifadə edən, müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideri İlham Əliyev Heydər Əliyev yolunun layiqli davamçısı, Ulu Öndərin siyasətini Azərbaycanda yaşadan və zəfər çaldıran bir liderdir.
İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi, xalqı tərəfindən sevilən qalib liderdir. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmaqla yanaşı, həm də Azərbaycanın işğal edilmiş tarixi torpaqlarını uğurlu daxili və xarici siyasəti sayəsində azad etməklə Azərbaycanda, eləcə də bütün dünyada böyük hörmətə və nüfuza malik, siyasi portreti ilə məşhur olan tarixi şəxsiyyətdir.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin oğlu, bütün dünya azərbaycanlılarının fəxarət, qürur simvoludur. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq 18 ildir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Bütün bu uğurların və davamlı inkişafın təməlində duran İlham Əliyevin siyasi peşəkarlığıdır. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır.
Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Lakin bu ölkələrin heç də hamısında milli sərvətlər xalqa fayda vermir. Neft yataqlarına malik bəzi ölkələr böyük dövlətlərin geosiyasi oyunlarının qurbanı olmuş, digərləri isə bu sərvət uğrunda aparılan müharibələr nəticəsində tamamilə dağıdılıblar. Lakin Azərbaycanda karbohidrogen ehtiyatları, bütün iqtisadi islahatlar, neft strategiyası xalqın firavanlığı üçün istifadə olunur. Ölkənin inkişafına, dünyada nüfuzunun artmasına xidmət edir. Bunun isə əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub, bu gün də onun siyasi varisi və siyasi kursunun uğurlu davamçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində bir daha şahidi olduq ki, Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ən əsası da əldə etdiyimiz Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu Qələbənin müəllifi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Ən əsası isə ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş