• Təqvim

  • Unutma

  • Maraq



Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzindədir


Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır: "Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Strateji qəsəbəninişğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Bu gün fəxrlə deyirik ki, ordumuz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi və dünya dövlətlərinin ədaləti dəstəkləməsi, işğalçının işğalçı kimi tanınması istiqamətində işlər uğurla davam edir. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanır.. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir.

Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindəidir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak ediblər. Hərbi hissənin açılışı zamanı çıxış edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir çox mühüm məsələlərə toxunaraq, ciddi mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Komando hərbi hissəsinin Hadrutda açılmasının böyük əhəmiyyəti vardır. Çünki bu hərbi hissə işğaldan azad olunmuş ərazidə - vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Xocavənd rayonunun ərazisindədir. İndi Hadrutda hərbi hissənin açılması həm düşmənə, həm də onların havadarlarına bir mesajdır. Belə coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəklər. Belə bir hərbi hissənin açılması göstərir ki, Azərbaycan Ordusu Türkiyə Ordusu təcrübəsindən istifadə edərək ordumuzun təkmilləşdirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Ofeliya SALMANOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin mühəndisi



Facebook-da paylaş