“Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək”
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Füzuli əməliyyatı Vətən müharibəsindəki Tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət daşıyır. 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən bu əməliyyat əzəli və əbədi olan Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi ilə başa çatdı. 27 ildən sonra Füzuli öz azadlığına qovuşdu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu barədə bildirmişdir ki: "Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir”.
Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı”.
Füzuli azad olunmamışdan öncə şəhər bir neçə istiqamətdən Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmışdır. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlamışdır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalmışdır. Nəticədə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri düşmən işğalından tam azad edilmişdir.
Uğurlu əməliyyat Füzuli şəhəri ilə yanaşı rayonun 62 yaşayış məntəqəsinin azadlığa qovuşması ilə başa çatmışdır. Öz hərbi əhəmiyyətinə görə deyə bilərik ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biridir. Eyni zamanda, bu əməliyyat nəticəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Düzdür, döyüşlər itkisiz keçməmiş, rayonun 80 nəfərədək sakinişəhid olmuş, 300 nəfərədək sakin isə yaralanmışdır. Eyni zamanda, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.
Füzuli əməliyyatı nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirmişdir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratmışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci ildə Füzulinin azad olunduğu gün xalqa müraciətində demişdir ki: "Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.
Bəli, bu gün qürurla söyləyə bilərik ki, 17 oktyabr tarixi nəinki füzulililərin xatirəsində, eləcə də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Çünki həmin gün füzulililərinVətən həsrətinə son qoyuldu.İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. O gün isə elə də uzaqda deyil.
Elçin İSMAYIL,
"Göyəzən” qəzetinin baş redaktoru,
"Tərəqqi” medalı və "Qızıl qələm” mükafatı laureatı
Facebook-da paylaş