Hadrut qəsəbəsinin işğaldan azad olunması Vətən müharibəsinin dönüş nöqtəsi oldu
Hadrut Qarabağın Cənub-Şərqində
yerləşir. Hadrutun relyefinin hündür olması ətraf ərazilərə böyük məsafədə nəzarət
etməyə imkan verirdi. Qəsəbənin alınmasını isə çətinləşdirirdi. Qeyd etmək
lazımdır ki, ermənilər Hadrut ətrafına böyük qüvvə toplamış, möhkəmləndirilmiş
müdafiə sistəmlərinə malik idilər. Lakin Azərbaycan Ordusunun qəfil hücumu, fədakarlığı
Hadrutun qısa müddətə alınmasına səbəb oldu. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki
əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi
nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti
var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu
öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə
strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən
təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən
çox çətin idi. Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən
biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari
olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar,
amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli
döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri,
zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə
uğradılar. Uğurlu hərbi manevr. Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan
rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan
sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə
gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi,
bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək böyük fədakarlıq
və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha
Ermənistana və bütün dünyaya göstərdik. Bu gün bütün dünya döyüşərək, qan tökərək, şəhidlər verərək doğma
torpaqlarına qayıtmış Azərbaycan xalqını tanıyır. Uzun fasilədən sonra Hadruta
– Xocavəndə qayıtmışıq. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin
şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları
doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı
yaşatdı. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad
edə bilməz. Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun
inzibati mərkəzi idi. Ermənistan rəhbərliyi və ictimaiyyəti gördü ki, Azərbaycan
üçün bütün torpaqlar doğmadır. İstər Füzuli olsun, istər Cəbrayıl olsun, istər
Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini
işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan
çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Öz xalqına döyüşlər ilə bağlı yalan məlumat
verən Ermənistan rəhbərliyi sonda məğlub oldu. Hadrut əməliyyatı ilə bağlı Ermənistan
mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən
bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin
götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Az itkilərlə qəsəbəni
götürməyə nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə
bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin
bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu. Ermənistan təbliğatı istər işğal dövründə,
istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində
qurulub. Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də
saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı
ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu
burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər
burada erməni yaşamırdı. Müharibə dövründə də Ermənistan rəsmi orqanları yalan
məlumatlar yayırdılar. Bütün xəyalları iflasa uğramış Hayastan. Ermənilərin
Hayastan adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər
özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu
Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada
yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid
fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul
yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə
baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir
inkişafın əsər-əlaməti yoxdur. Ermənilər Azıx mağarasını da erməniləşdirmək
istəmişdilər. Onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar.
Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar
böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün
dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar.
Mağaraya böyük ziyan vurulub. Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi
olacaqdır. Hadrut işğaldan azad
olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa
edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində
bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq
olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli
qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək,
"Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin
tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas
infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək.
Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu
yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir. Hadrut kənd təsərrüfatının inkişafı üçün
böyük potensiala malikdir. Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas
istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada
üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Azərbaycanın inzibati-ərazi bölgüsünə görə
Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir. Vaxtilə keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək
Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi
işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də
qayıdacaqlar. Erməni cinayətlərinə göz yuman beynəlxalq
ictimaiyyət. Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə
məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün
də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər.
Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna
göz yumurdular. Azərbaycana qarşı törədilmiş ekoloji terrora
gəlincə. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi
qırıblar, yandırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara
yaxın meşə sahəsi tamamilə məhv edilib. Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha
görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada
demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Bütün binalar necə var idi,
elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb.
Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur,
bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb.
Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox
pul yığılırdı. Həkimlərin fədakarlığı unudulmazdır. Müharibə
zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq olmaz. Doğrudan da həkimlər gecə-gündüz
yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq
yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının
səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal
çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər,
həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz
həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin
sərəncamına, ixtiyarına vermişdilər. Bizim son illər ərzində tibb mərkəzlərinin
coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan
bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə
qaçılmaz idi. Həmrəylik Qələbənin səbəbidir. Zəfərdən
danışarkən xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı
Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan
tarixi Zəfər çaldı. Bütün erməni təxribatlarının qarşısı uğurla
alındı. Keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Müharibə
başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi
kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında
Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah
edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət
törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli
oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza
atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə
çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı. Müharibəyə hazırlıq bütün dövrlərdə
aparılırdı. Hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli
hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu
sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu
hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan
xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün
haqlı olaraq fəxr edir. Artıq məcburi köçkün anlayışı yoxdur. 2003-cü
ildən başlayaraq məcburi köçkünlərlə Prezident İlham Əliyevin davamlı görüşləri
təşkil olunurdu. Ötən illər ərzində 100-dən çox şəhərcik inşa edilmişdir. Ancaq
bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi.
Azərbaycan bu vəzifəyə nail oldu. Məcburi köçkünlərin əzablarına və onların
iztirablarına son qoyuldu. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə
hazırlaşırlar. Nazim XƏLİLOV, Aslan Kəmərli adına Kəmərli
kənd tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə
direktor müavini
Facebook-da paylaş