“Ermənistanı məğlub edən qüdrətli Azərbaycan Ordusu”
44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları yerinə yetirməyə qadir güclü Azərbaycan Ordusu var. Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona” jurnalına müsahibə verib və qeyd edib ki, 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik.
Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Dövlət başçısı qeyd edib ki, döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.
"2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Bununla da biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Ordusunun düşmənə qarşı arapdığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Ölkə Prezidenti qeyd edib ki, önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Hadrut əməliyyatının əhəmiyyəti qeyd olunmalıdır. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.
Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.
Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.
Ölkə başçısı həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda və bu cür səmərəli şəkildə istifadə edilməyib. Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş "Sky Striker” adlı pilotsuz vasitələri almağa başlamışdır. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı "Orbiter” PUA-ları da almışdır. Türkiyə PUA-lar istehsalına başlayan kimi biz "Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı "Bayraktar”ların bir neçəsi daim havada olurdu. "Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi.
"Bayraktar”lar Erməni ordusunun kabusuna çevrilmişdir. "Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. Erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə "Bayraktar”ların düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi.
Vətən müharibəsində ən mühüm uğurlu əməliyyatlardan biri - Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaqdır. Dövlət başçısı Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynadıqlarını vurğulayıb və qeyd edib ki, onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaradılmışdır. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək lazımdır. Hərbi əməliyyatların müəyyən mərhələsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları da cəlb edilmişdir. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi.
44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da isə Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bütün dövlətlər, o cümlədən Rusiya, məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad ediləndən sonra oldu. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.
Dövlət başçısı həmçinin qeyd edib ki, biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı.
Müsahibə zamanı Azərbaycanın Zəfərini nümayış etdirən Hərbi Qənimətlər Parkı barədə danışan ölkə başçısı qeyd edib ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Parkda həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir.
Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.
Səidə QOCAYEVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Facebook-da paylaş