Məğlubiyyətlə nəticələnən erməni illüziyası
Ötən ilin 44 günü müasir tariximizə
qızıl hərflərlə yazıldı. Azərbaycanın yenilməz ordusu hərbi qüdrəti sayəsində
işğalçı düşməni öz torpaqlarından qovdu, dövlətimizin ərazi bütövlüyünü bərpa
etdi, məğlubedilməzlik illüziyası yaradan hərbi cinayətkar dəstələr məhv
edildi, işğalçı xunta rejiminin və onun havadarlarının xəyalları puç edildi. Bu
möhtəşəm qələbəyə təbii ki, ölkəmizdə möhkəm dayaqlara söykənən xalq, ordu və
iqtidar birliyi sayəsində nail olduq.
Müharibənin elə ilk günlərindən
gedən döyüşlər göstərdi ki, Azərbaycan ordusu böyük üstünlüklərə malikdir.
İşğalçı dövlət işğalı, terroru davam etdirmək üçün hər cür hiyləyə əl atır,
beynəlxalq hüququn norma və prinsiplərini heçə sayır, Azərbaycana məxsus
ərazilərdən qeyd-şərtsiz çıxmaları haqqında qəbul edilmiş beynəlxalq sənədlərə
məhəl qoymurdular. Başqa dövlətin ərazilərində hegemonluq etmək, daha dəqiq
desək işğal etdikləri ərazilərdən qaçaqmal tranziti kimi istifadə edərək özləri
üçün qurama dövlət illüziyaları yaratmaqla məşğul idilər. Azərbaycan isə
sürətlə inkişaf edən iqtisadiyyatı sayəsində güclü ordu quruculuğu siyasəti
aparmaqla bu illər ərzində əsl vətənpərvər nəsil yetişdirərək öz tarixi
torpaqlarını düşməndən azad etmək hissi ilə alışıb-yanırdı. Məhz güclü ordu və
şücaətli AzərbaycanOrdusunun
sayəsində cəmi 44 günə Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələr
darmadağın edildi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavənd və
Laçın rayonlarının kəndləri düşməndən azad edildi. Ümumilikdə hərbi
əməliyyatlarla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər
işğalçılardan təmizləndi.
Noyabrın 8-də isə Azərbaycanın tarixi şəhəri olan
Şuşanı qəhrəman oğullarımız fəth etdi. Şuşanın işğaldan azad edilməsi ilə
düşmən ağ bayrağını qaldırdı və kapitulyasiya aktına imza atdı. Prezident İlham
Əliyevin öz sözləri ilə desək bu müharibə, eyni zamanda, erməni mifologiyasının
tamamilə məhv olması deməkdir. Bu şanlı qələbə ilə xalqımızın əzəli və əbədi
torpaqlarına Böyük Qayıdışının
əsası qoyuldu. İşğaldan azad edilmiş ərzilərimizdə tikinti-quruculuq, bərpa-yenidənqurma işləri başlandı.
44 günlük Zəfərimizdən sonra dövlət
başçısı və xanımı azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib.
Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq
başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi
ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.
Avqustun 16-da Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə işğaldan azad edilmiş
ərazilərimizə -
Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Səfər infrastruktur obyektlərinin
əsasının qoyulması ilə yanaşı, həm də dövlətimizin başçısının tarixi çıxışları
və bu çıxışlarla verdiyi bəzi mesajlarla da yadda qaldı. Prezident erməni
faşizmi və mifləri haqqında danışaraq İkinci Qarabağ müharibəsi ilə erməni ordusunu "yenilməz ordu” kimi
təqdim edən mifologiyaya son qoyulmasını, erməni əsgərinin "cəsur” olması və
istənilən müharibədə qalib gələ bilməsi haqda mifin darmadağın edilməsini də
xüsusi olaraq vurğuladı. Dövlət başçısı bildirdi ki, erməni əsgəri fəraridir,
qorxaqdır. Onların özlərinin bunu etiraf etdiyini və müharibə dövründə
Ermənistan ordusunda 10 min fərarinin olduğunu sübut etdiklərini bildirən
Prezident İlham Əliyev Azərbaycan Ordusunda bir nəfər də olsun fərari
olmadığını dedi.
Prezident həmçinin qeyd etdi ki, azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq
fikrində deyildik. Erməni "sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil
ki, uzun illər istənilən hərbi vəzifəni yerinə yetirə bilən görkəmli erməni
generallar, sərkərdələr haqda mif yaradılmışdı. Biz gördük ki, onların
generalları oğrudurlar, "tuşenka” satandırlar. Onların sərkərdələri də
qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan
müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər
Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar,
gizləndilər. Onların dırnaqarası "qəhrəmanlarını”, "Artsax”, olmayan "Artsax”
qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər,
satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara
bilərlər.
Guya
ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və "vəhşi müsəlmanlar”
arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı,
beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Onların mədəniyyəti, qazılmış
qəbirlərdir, dağıdılmış məscidlərdir.
Öz çıxışında
Prezident onu da vurğuladı ki, zaman dəyişir, erməni faşizmi dəyişmir və
dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda
göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Erməni faşizmini ifşa
edən kitablar dərc edilir, təqdimatlar da olacaq.
İşğal
dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici
şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki,
beynəlxalq məhkəməyə gedəcəklər.
Meşələr
ermənilər tərəfindən məhv edilib. Talanın miqyasını müəyyən etmək üçün
"Azərkosmos”un imkanlarından da istifadə edilir. Ağacla dolu olan altmış min
hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar.
Ermənilərin
bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq
azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər.
Azərbaycanın
dövlət başçısının və xanımının işğaldan azad edilmiş ərazilərə səfərləri bizə
məxsus tarixi torpaqlarımıza Böyük Qayıdışın uzaqda olmadığından xəbər verir.
Çox tezliklə erməni faşizmi nəticəsində öz dədə-baba torpaqlarından məcburi
köçmüş sakinlər öz Vətənlərinə qayıdacaq, Qarabağda həyat yenidən başlayacaq.
Bu dəfə daha şərəflə, daha qürurla...
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş