Əsas Səhifə > Mədəniyyət > Məğlubiyyətlə nəticələnən erməni illüziyası

Məğlubiyyətlə nəticələnən erməni illüziyası


21-08-2021, 14:21


Ötən ilin 44 günü müasir tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın yenilməz ordusu hərbi qüdrəti sayəsində işğalçı düşməni öz torpaqlarından qovdu, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, məğlubedilməzlik illüziyası yaradan hərbi cinayətkar dəstələr məhv edildi, işğalçı xunta rejiminin və onun havadarlarının xəyalları puç edildi. Bu möhtəşəm qələbəyə təbii ki, ölkəmizdə möhkəm dayaqlara söykənən xalq, ordu və iqtidar birliyi sayəsində nail olduq.

Müharibənin elə ilk günlərindən gedən döyüşlər göstərdi ki, Azərbaycan ordusu böyük üstünlüklərə malikdir. İşğalçı dövlət işğalı, terroru davam etdirmək üçün hər cür hiyləyə əl atır, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayır, Azərbaycana məxsus ərazilərdən qeyd-şərtsiz çıxmaları haqqında qəbul edilmiş beynəlxalq sənədlərə məhəl qoymurdular. Başqa dövlətin ərazilərində hegemonluq etmək, daha dəqiq desək işğal etdikləri ərazilərdən qaçaqmal tranziti kimi istifadə edərək özləri üçün qurama dövlət illüziyaları yaratmaqla məşğul idilər. Azərbaycan isə sürətlə inkişaf edən iqtisadiyyatı sayəsində güclü ordu quruculuğu siyasəti aparmaqla bu illər ərzində əsl vətənpərvər nəsil yetişdirərək öz tarixi torpaqlarını düşməndən azad etmək hissi ilə alışıb-yanırdı. Məhz güclü ordu və şücaətli AzərbaycanOrdusunun sayəsində cəmi 44 günə Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələr darmadağın edildi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavənd və Laçın rayonlarının kəndləri düşməndən azad edildi. Ümumilikdə hərbi əməliyyatlarla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi.

Noyabrın 8-də isə Azərbaycanın tarixi şəhəri olan Şuşanı qəhrəman oğullarımız fəth etdi. Şuşanın işğaldan azad edilməsi ilə düşmən ağ bayrağını qaldırdı və kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyevin öz sözləri ilə desək bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Bu şanlı qələbə ilə xalqımızın əzəli və əbədi torpaqlarına Böyük Qayıdışının əsası qoyuldu. İşğaldan azad edilmiş ərzilərimizdə tikinti-quruculuq, bərpa-yenidənqurma işləri başlandı.

44 günlük Zəfərimizdən sonra dövlət başçısı və xanımı azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə işğaldan azad edilmiş ərazilərimizə - Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Səfər infrastruktur obyektlərinin əsasının qoyulması ilə yanaşı, həm də dövlətimizin başçısının tarixi çıxışları və bu çıxışlarla verdiyi bəzi mesajlarla da yadda qaldı. Prezident erməni faşizmi və mifləri haqqında danışaraq İkinci Qarabağ müharibəsi ilə erməni ordusunu "yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyulmasını, erməni əsgərinin "cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mifin darmadağın edilməsini də xüsusi olaraq vurğuladı. Dövlət başçısı bildirdi ki, erməni əsgəri fəraridir, qorxaqdır. Onların özlərinin bunu etiraf etdiyini və müharibə dövründə Ermənistan ordusunda 10 min fərarinin olduğunu sübut etdiklərini bildirən Prezident İlham Əliyev Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadığını dedi.

Prezident həmçinin qeyd etdi ki, azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Erməni "sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil ki, uzun illər istənilən hərbi vəzifəni yerinə yetirə bilən görkəmli erməni generallar, sərkərdələr haqda mif yaradılmışdı. Biz gördük ki, onların generalları oğrudurlar, "tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar, gizləndilər. Onların dırnaqarası "qəhrəmanlarını”, "Artsax”, olmayan "Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər.

Guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və "vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Onların mədəniyyəti, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir.

Öz çıxışında Prezident onu da vurğuladı ki, zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Erməni faşizmini ifşa edən kitablar dərc edilir, təqdimatlar da olacaq.

İşğal dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Meşələr ermənilər tərəfindən məhv edilib. Talanın miqyasını müəyyən etmək üçün "Azərkosmos”un imkanlarından da istifadə edilir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar.

Ermənilərin bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər.

Azərbaycanın dövlət başçısının və xanımının işğaldan azad edilmiş ərazilərə səfərləri bizə məxsus tarixi torpaqlarımıza Böyük Qayıdışın uzaqda olmadığından xəbər verir. Çox tezliklə erməni faşizmi nəticəsində öz dədə-baba torpaqlarından məcburi köçmüş sakinlər öz Vətənlərinə qayıdacaq, Qarabağda həyat yenidən başlayacaq. Bu dəfə daha şərəflə, daha qürurla...

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt