• Təqvim

  • Maraq



Prezidentə yazırlar: “Müzəffər Ali Baş Komandan, Vətən müharibəsindəki qələbələr tək Ermənistan, erməni lobbisi üzərində deyil, onların tərəfdarlarının üzərində çalınan qələbədir”


Rafiq Rəsulovdan, 

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Qarabağ müharibəsində qazandığımız ardıcıl qələbələr münasibətilə Sizi, xalqımızı, əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.

Mənim 63 yaşım var. Sovetlər İttifaqı dağıldıqdan sonra Belarusiyada yaşayaraq iş adamı kimi fəaliyyət göstərirdim. Ölkəmizdə müharibə gedən o çətin vaxtlarda dövlətimiz üçün əlimdən gələni etməyi özümə borc bildim. Respublikanın bir çox sahələrinə xeyriyyə məqsədi ilə həm kömək etdim, həm də yardımların toplanması işinin təşkilatçısı oldum. Ağır yaralılara, 12 şəhid ailəsinə illər boyu kömək etdim.

Möhtərəm Prezident, bu gün fəxrlə Azərbaycan Ordusunun ən müasir ordularla bir sırada dayandığını görürük. Qürur yerimiz olan bu ordu Sizin sayənizdə dünyanın ən müasir silahları ilə təchiz edilib. Siz yaratdığınız yenilməz, müzəffər ordunun qalibiyyət dastanı haqqında artıq dünyanın tanınmış siyasi icmalçıları, yüksək səviyyəli hərbi ekspertləri danışırlar.

Ermənilər tarix boyu bizim torpaqlarımızı zəbt etməklə dədə-baba yurdlarımızda özlərinə ölkə qurublar. Mənfur qonşularımız son 30 ildə də havadarlarının köməyi ilə Qarabağımızı və ətraf rayonlarımızı işğal altında saxlamış, bu illər ərzində torpaqlarımızda istehkam qurub, ciddi silahlanmışlar.

Vətən müharibəsinin başlamasından 1 ay keçməmiş müzəffər ordumuz Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və bir çox kənd və qəsəbələri işğaldan azad edərək xalqımızı sevindirib.

Möhtərəm Prezident, Sizin uğurlu, prinsipial siyasi iradəniz, xalqın inamı, güclü ordu quruculuğu bu qələbələrin qazanılmasının əsası oldu. Vətən müharibəsində torpaqlarımızın azad olunması ilə yanaşı min illərlə yaşı olan tarixi abidələrimiz də azad olunur.

Xudafərin körpüsünün qurtuluşu xalqımız üçün böyük bayramdır. Bu bayramı bizə Siz yaşatdınız, möhtərəm Prezident. Ona görə də Araz çayı üzərində Xudafərin körpülərinin davamı olaraq yeni körpünün inşası və Sizin adınızla adlandırılması xalqımızın ürəyindən xəbər verəcək və Azərbaycanın əbədi simvoluna çevriləcək.

Siz "Qarabağ Azərbaycandır!” şüarı ilə dünyaya səs saldınız, Azərbaycanın haqq səsini ucaltdınız, tarix yazdınız və bütün dünyada sevildiniz. Bu qələbələr çox böyük rəşadət, cəsurluq, bilik, qorxmazlıq və sərkərdəlik tələb edirdi.

Müzəffər Ali Baş Komandan, Vətən müharibəsindəki qələbələr tək Ermənistan, erməni lobbisi üzərində deyil, onların tərəfdarlarının üzərində çalınan qələbədir. Nəhayət ki, ulu babalarının qəbirlərinə həsrət qalan yüz minlərlə insanın nisgilinə son qoyulacaq.

Mən Qarabağ müharibəsi illərində təcrübəli bir həyat yolu keçmişəm və vətənpərvər azərbaycanlı kimi hazırkı Vətən müharibəsində də əlimdən gələni etməyə hazıram. Təcrübəli bir iş adamı kimi yeni islahatlarla, lahiyəhələrlə Qarabağın quruculuğunda iştirak etmək arzusundayam.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa, xalqımıza səbr versin, ordumuza kömək olsun. Sizə isə bu haqq savaşında uğurlar və yeni-yeni nailiyyətlər qismət etsin!

Hörmətlə,

Rafiq Rəsulov

Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi.


Elşən Alıyevdən, 

Müzəffər Ali Baş Komandan.

Mən 2014-cü ildən 2017-ci ilə qədər Qazax şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşam. Müqavilə müddətim başa çatdığına görə tərxis olunmuşam.

Bu gün respublikamızda baş verən hadisələr məni də bir şəhid qardaşı kimi çox narahat edir və digər tərəfdən də çox sevindirici odur ki, mən də Sizin rəhbərliyiniz altında bu müqəddəs missiyada iştirak etmək istəyirəm. Yaşadığım rayonda hərbi çağırış üçün müraciət etmişəm, lakin yaşımla əlaqədar hələ ki, məni aparmırlar.

Yaşasın Azərbaycan dövləti, yaşasın Ali Baş Komandan.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elşən Alıyev

Ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş