• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına müsahibə verib.

Atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür. Dövlətimizin başçısı bunu müsahibə zamanı bir daha vurğulayıb. Qeyd edib ki: "Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12:00-dan qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur. Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər "Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar”.

Humanitar atəşkəs sülh demək deyil. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir. Ölkə Prezidenti bildirib ki: "Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12:00-dan qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”.

Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Bunu dövlətimizin başçısı müsahibə zamanı çıxışında da qeyd edib: "Moskvada əldə edilmiş razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki, ilk növbədə, orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndinə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər. Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir. Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək”.

Bu gün hər kəs bilməlidir ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.


Qardaş Türkiyənin rolu əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. Bunu ölkə başçısı da çıxışında bir daha vurğulayıb. Qeyd edib ki: "Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu, nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır. İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 sentyabrdan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”.

Status-kvonun dəyişilməsi artıq bir faktdır. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Prezident bildirib ki: "...Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”.

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Bu gün strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.

Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır.İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Bunu ölkə başçısı çıxışında da qeyd edib. Vurğulayıb ki: "Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar. Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər. Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”.


Ermənilərin faşist əməllərini dünya görməlidir. Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir. Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.

Erməni diasporuna qarşı mübarizə aparırıq. İllərdir ki, biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Bunu Prezident İlham Əliyev də müsahibəsində bildirib: "Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir. Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır”.

Azərbaycan atəşkəsə razılıq verdi. Atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri "Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Bu hadisə o deməkdir ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir.

Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: "Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”.

Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.

Beynəlxalq aləmdən elə bir gözləntilərimiz yox idi. Bunu ölkə başçısı da bir daha diqqətə çatdırıb: "Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki bu uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.

Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksək səviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş coğrafiyaya sıza bilərdi”.

Bu gün bütün dünya yaxşı bilir ki, Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12:00-dan qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.

GOYEZEN.AZ



Facebook-da paylaş