Prezident İlham Əliyev: “Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Fransanın
"Figaro” qəzetinə müsahibə verib. Dövlətimizin başçısının müsahibə zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi
hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi
qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən
Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən
uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Ermənistan strateji enerji infrasturkturunu
ələ keçirmək istəyirdi. Beynəlxalq
müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı
hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla
dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji
infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru
kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm
də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən
biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin
Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Lakin əfsuslar
olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror
aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu hücumu etməklə
Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz
olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan,
danışıqları tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və
münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat
cavab verdi. Azərbaycan nəinki enerji üzrə, eyni
zamanda, daşımalar üzrə artıq regional mərkəzə çevrilib. Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr
nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir.
Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft
və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Azərbaycan
informasiya texnologiyaları sektoruna
böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80
faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox
inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən
gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur
nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir. Uğurlu əks-hücum nəticəsində Azərbaycan
işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib. Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında
məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və
potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar
qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin
130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə, döyüş meydanında
çoxlu işlər görülüb və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur.
Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi
kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və
ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı,
siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyidir. Onlar
dayanmasa torpaqların azad olunması davam edəcək. Ermənistan hökuməti dezinformasiya yayır. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır
ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və
onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa
çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən
vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində,
sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə
hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə,
bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin
daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və
onlar buna görə məsuliyyət daşıyacaqlar. Türkiyə əsla münaqişəyə cəlb edilməyib və
Azərbaycanda muzdlular yoxdur. Türkiyənin
iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı
hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər
yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn
norma və prinsiplərinə dəstək verirlər. Azərbaycan tərəfində heç bir əcnəbi
döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən
yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox
bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır.
Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir
ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət
nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən
motivasiyalı insanları var. Hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə
insan lazım olsa, daha artıq qüvvə çağırılar. Ermənistanı pulsuz silahlandırırlar. Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən
Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan
Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları
pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə
kömək edən müasir silahları almaq imkanı var. İranın narahat olmasına artıq ehtiyac
yoxdur. İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan
tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının
yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçmişdir. Lakin
bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna
görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində -
İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq. Rusiya, Fransa və Amerika Birləşmiş
Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər. ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki,
heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək
etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir,
daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının
çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki,
onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər.
Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və
ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik. Ermənistan atəşkəsi kobud şəkildə pozdu və
Gəncəyə hücum etdi. Azərbaycan bu gün
dayanmağa hazırdır. Bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə
bağlı razılığa gələndən bəri deyir. Problemin həllinin hərbi hissəsi nə qədər
tez qurtarsa, bir o qədər yaxşıdır. Danışıqlar masasına keçmək istəyirik. Oktyabrın
17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra Ermənistan onu pozdu. Ona
görə də, əgər onlar bu gün dayansalar, Azərbaycan dayanar və qalan işlər
diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, Azərbaycan işğal
edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcək. Ermənistan indi
dayansa və konstruktiv davransa, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib
hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə,
onda əlbəttə hər şey dayanar və geri danışıqlar masasına qayıdarıq. Ermənistan
hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər.
Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan
yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar. Azərbaycan Qarabağı insanların ləyaqət və
sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün
çiçəklənən, təhlükəsiz ərazisi kimi görür Azərbaycan dəfələrlə açıq şəkildə ifadə edib, həmçinin vasitəçilər,
Ermənistan hökumətinə Azərbaycanın gələcəyi necə görməsi ilə bağlı müəyyən
mesajlar veriblər. Azərbaycanda yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5
faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin Azərbaycanda işsizlik səviyyəsi
çox aşağıdır. Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ
Respublikası”nı tanımayıb. Heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi
üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın
böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən
yaxşı qonşu olmağa çalışmaqdır – ermənilər və azərbaycanlılar. Müharibə və toqquşmaların ilk qurbanları
Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Münaqişə Ermənistandakı millətçilər tərəfindən Dağlıq Qarabağdakı
separatçıların Azərbaycandan ayrılmaq planlarını dəstəklədikdən və maliyyələşdirdikdən
sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər.
Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı
tamamilə etnik təmizələməyə məruz qaldı. Ermənistanda yaşayan 250 min azərbaycanlı,
- onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı,
qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində,
Dağlıq Qarabağda baş verirdi. Ermənistanın sabiq Prezidenti Köçəryan açıq şəkildə
bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin
baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində
azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda
minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil?. Türkiyə və Azərbaycan qardaşlığı əbədidir və
qardaşlığımız bir çox sınaqlardan keçib. Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə
etdi. O, dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu,
çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş
meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla,
lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Türkiyə ilə
münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb
edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və
Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki
qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən,
gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Türkiyənin
rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata
keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq. Sülh müqaviləsi imzalandıqdan sonra
kommunikasiya xətləri açılacaq. Paşinyan hakimiyyətə
gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda
kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra
bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın
və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bu yoxdur. Lakin Türkiyənin həmin
regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Bir neçə il bundan əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bütün kommunikasiyalar açılacaq. Düşünürəm
ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan
xalqlarına qarşı nifrəti dayandırmalıdır. Azərbaycan-Gürcüstan münasibətləri mükəmməldir
və strateji tərəfdaşdırlar. Azərbaycan
Gürcüstanda ən böyük investor, ən böyük vergi ödəyicisidir. Türkiyə, Gürcüstan
və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Prezidentlər səviyyəsində
sammitlər, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və
iqtisadiyyat nazirləri səviyyəsində görüşlər olub. Bütün əsas nəqliyyat və
enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı
icması var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən,
Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi
yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır. Azərbaycan dininə hörmət edən dünyəvi ölkədir.Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən
din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə
hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik
Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir
neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək
Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib.
Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və
harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən
qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə
dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə
videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən
sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan
tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək. GOYEZEN.AZ
Facebook-da paylaş