• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi” adlı tədbir keçirilib


Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Laçının düşmən tapdağından azad edilməsinin birinci ildönümü qeyd olunub.

Dekabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsiadlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, rayon təhsil müəssisələrindən  məktəb direktorları və müəllimlər, mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.


Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Laçın rayonu haqqında geniş məruzə çıxış edib. C.Hüseynova Azərbaycanın Laçın rayonunun heç bir itki vermədən düşmən işğalından azad edilməsini dövlətimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, şanlı ordumuzun tarixi qələbəsi kimi qeyd edib. Əldə etdiyimiz şanlı Zəfərə görə Ali Baş Komandana, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın rayonunun heç bir itki vermədən işğaldan azad edilməsini dövlətimizin və xalqımızın qələbəsi kimi qeyd edərək bu münasibətlə səmimi ürək sözlərini çatdırıb. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçının rayonunun strateji baxımdan əhəmiyyətli olduğu qədər də, iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirib. Bu iqtisadi rayonun geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malik olduğunu vurğulayıb. Laçın rayonunun işğaldan azad edilməsini Azərbaycanın tarixi nailiyyəti kimi qeyd edərək bu rayonun ölkəmizdə digər iqtisadi rayonların inkişafına da öz töhfəsini verəcəyini söyləyib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Laçın rayonunun 1992-ci il mayın 18-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən, həmin vaxt soydaşlarımızın başına gətirilən müsibətlərdən danışıb. Həmin dövrdə Azərbaycanda ictimai-siyasi böhran, anarxiya hökm sürdüyünü, müəyyən qüvvələrin AXC-Müsavat hakimiyyəti uğrunda mübarizə apardıqlarını söyləyib. V.Nəbiyev qeyd edib ki, təbii ki, xalqın taleyi onları düşündürmürdü. 1992-ci il mayın 15- də AXC-Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldi və cəmi 3 gün keçdi Laçın rayonu işğal edildi. Laçın rayonunun işğal edilməsi isə Azərbaycan üçün yeni faciələrin, torpaq itkilərinin əsasını qoydu. Çünki Laçın böyük strateji əhəmiyyətə malik ərazi idi. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən yol burdan keçirdi. Ona görə də Laçın rayonunun işğalı ilə bu yol açıldı, Laçın Ermənistanın nəzarəti altına keçdi.


Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, 1930-cu ildən inzibati ərazi vahidi statusu almış Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Ərzisi 1.84 min kv.km, əhalisi 79.1 min nəfər olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi olan Laçın rayonu həm də tarixi abidələrlə zəngindir. Rayon ərazisində VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq, Həmzə Soltan sarayı kimi tarixi özündə yaşadan abidələr vardır.

 

Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Şəhla Bayramova çıxışında Laçın rayonunun faydalı qazıntılarla zəngin olmasından söz açıb. Burada 3 filiz, 37 qeyri-filiz, inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqlarının olduğunu qeyd edib. Həmçinin, Laçın rayonunda sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqlarının daha böyük yataqlara malik olduğunu diqqətə çatdırıb.

 

Qazax Rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin müəllimi Mətləb Cəfərov çıxış edərək Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan tərəfindən ərazilərin boşaldılmasının qrafik üzrə həyata keçirildiyini qeyd edib. Laçın rayonunun dekabrın 1-də erməni işğalından azad edildiyini, Laçının Qarabağın ətrafında yerləşən 7 rayondan biri olduğunu söyləyib. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Laçının Güləbird, Səfiyan və Türklər kəndlərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsini xalqımızın bu gün də qürurla xatırladığını bildirib.  


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova 30 illik həsrətdən sonra sentyabrın 27-də başlanan əks hücum əməliyyatları ilə Azərbaycan xalqının özünün tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdiyini söyləyib.

Tədbir məktəblilərin çıxışları ilə davam etdirilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Rüxsarə Çobanlı "Zəfər” şeiri, Ayan və Bahar Vəlizadələr "Vətən” kompazisiyası ilə çıxış ediblər.



GOYEZEN.AZ



Facebook-da paylaş