Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan
azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Xalqa
müraciətində bu xoş müjdəni çatdıran Prezident deyib: "Böyük sevinc hissi ilə
bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün
Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun
işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın
rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş
parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam,
Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir
şəhid vermədən qaytarmışıq”. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizin ən böyük
rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında
mühüm rol oynayacaq. "İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq.
Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm,
gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir
qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb.
Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas
vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi
köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində
qaytaraq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Facebook-da paylaş