Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan
xalqını təbrik edib. Xalqa
müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: "Bu gün
Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz
işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə
gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük
faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın
rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. "Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq
Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan
sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz
bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki,
Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı
və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda,
Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin
etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Facebook-da paylaş