• Təqvim

  • Unutma

  • Maraq



"Azərbaycanın milli sərvətlər xəzinəsi - Kəlbəcər"


XX əsrin 80-ci illərinin sonlarından başlayaraq ermənilərin Azərbaycana qarşı başlatdıqları ərazi iddiaları hərbi işğalçılıq siyasətinə rəvac vermiş və bu siyasət torpaqlarımızın iyirmi faizinin işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya ilə nəticələnmişdi. Buna səbəb isə həmin dövrdə Azərbaycanda hakimiyyəti zorla ələ almış, siyasətdən kənar qüvvələrin məsuliyyətsizliyi olmuşdur. 30 ilə yaxın bir müddətdə davam edən işğal nəticəsində Azərbaycana məxsus tarixi ərazilər düşmən nəzarətində qalmış, tariximizə, təbiətimizə, ekologiyamıza qarşı ağlasığmaz terror, talan və vəhşiliklər törədilmişdir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycana qarşı həyata keçirilən bu işğalın dayandırılmasını tələb edən qətnamələr nəticəsiz qalmışdır. Bütün bu illər ərzində dövlətimiz bu ədalətsizliyi aradan qaldırmaq üçün sülh danışıqlarına üstünlük versə də, Ermənistan destruktiv mövqeyindən əl çəkməmiş dəfələrlə Azərbaycana qarşı hərbi siyasi təxribatlara əl atmış, sərsəm bəyanatlarla beynəlxalq ictimaiyyət qarşısında öz işğalçılıq siyasətini sərgiləməkdən çəkinməmişdir. Belə olan halda Azərbaycan dövlət səviyyəsində öz tarixi torpaqlarına sahibliyini özünə qaytarmaq və ermənilərin qeyri-ciddi bəyanatlarına cavab vermək üçün beynəlxalq hüququn norma və prinsiplərini məhz özü bərpa edərək işğalçılara qarşı təxirəsalınmaz və zəruri qərarlar qəbul etmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasınınbeynəlxalq hüquq normalarını pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və hərbi mövqelərinə təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarı və rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlandı və cəmi 44 günə düşmən diz çökdürüldü. Elə ilk günlərdən sahədə ordumuzun, masada dövlətimizin üstünlüyü açıq-aşkar hiss olundu. Qısa müddət ərzində istər düşmən, istərsə də dünya birliyi xalqımızın və ölkəmizin milli maraqlarını təmin etməyə qadir olan dövlətimizin, milli təhlükəsizlik siyasətini müdrik siyasəti nəticəsində müstəqil surətdə müəyyən edən, həyata keçirən praqmatik liderimizin olduğunun bir daha şahidi oldu. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa, Zəngilan, Xocavənd düşməndən azad edildi. 10 noyabr tarixində isə Ermənistanın kapitulyasiya edilməsi ilə Kəlbəcər, Ağdam Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. 30 ilə yaxın bir müddətdə düşmən işğal altında saxladığı ərazilərimizdə, hətta,hərbi təyinatı olmayan ərazilərimizdə belə külli-miqdarda minalama aparmış olmasına baxmayaraq Vətən müharibəsinin bitməsindən 10 gün keçməmiş dövlətimizin başçısı böyük risk edərək ailəsi ilə birlikdə dəfələrlə işğaldan azad edilmiş ərazilərimizə səfərlər etdi.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən noyabrın 25-də Azərbaycana təhvil verilən Kəlbəcər şəhəri və rayonun 147 yaşayış məntəqəsi də daxil olmaqla Kəlbəcər rayonu da dövlət başçımızın ilk səfər etdiyi bölgələrdən oldu. Kəlbəcər Azərbaycanımızın qədim yaşayış məskənlərindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Lakin 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Kəlbəcər bir güllə atılmadan öz tarixi sahiblərinə qayıtdı. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanı ödəməyə məcbur ediləcək. Bu gün Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Bu isə o deməkdir ki, Kəlbəcər artıq öz sakinlərinə qucaq açıb, öz tarixi sahiblərini qarşılamaq üçün hazırdır. Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində füsunkar təbiəti, zəngin mədəni irsi olan Kəlbəcər əvvəlki şöhrətini yenidən bərpa edəcək və Kəlbəcər Azərbaycan balneoloji turizminin, mədən sənayesinin əsas mərkəzlərindən biri kimi öz şöhrətinə yenidən qovuşacaq.

Azərbaycan zəfər çalmış bir dövlətdir. Bunu bütün dünyaya sübut etdik. Yaşasın bu Zəfəri bizə yaşadan siyasi liderimiz və rəşadətli ordumuz!

Eşq olsun Azərbaycan xalqına!

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş