Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XX əsrin
80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın
tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə
qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən
hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş,
Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan
artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan
qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar
prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi
rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı
addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla
Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu
möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu
nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum
xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş
ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, "yeni
ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət "könüllü
dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan
dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda,
bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın
ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması
Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan
qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və
təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb
ola bilər. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə
cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması,
Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma
torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu
müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər
Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan
xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı
sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz
qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini,
Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə,
Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan
azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım
irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam
sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin,
şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr,
xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində
həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və
kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın
rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü,
müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən
mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən
ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq,
özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi
zəfər çaldı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli
qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı
baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi
məqsədilə qərara alıram: 1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında
Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 dekabr 2020-ci il.
Facebook-da paylaş