Azərbaycanın haqq savaşı
100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir. Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal olunmasına gətirib çıxarıb. Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsindən təsirsiz ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir.
Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçdi.
Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, Ermənistan "yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Yəni, Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı aşkar hədələmə. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi.
Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxış edərkən bildirib ki, münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.
Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Bununla bağlı kifayət qədər sübut var.
Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.
Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. İndi postmünaqişə vəziyyəti yaşanır və Ermənistana bir sıra təkliflər verilib ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq.
Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.
Rəna QAYAYEVA,
Qazax
Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Facebook-da paylaş