İcra başçısı Milli Qəhrəman Alı Mustafayevin doğum günündə əziz xatirəsini ehtiramla anıb
Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri unudulmur, böyük ehtiram hissi ilə daim anılır. Bu gün Milli Qəhrəmanımız Mustafayev Alı Mustafa oğlunun doğum günüdür. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Aprelin 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov ilə birlikdə Qazaxbəyli kəndində olub, Milli Qəhrəman Alı Mustafayevin doğum günündə ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb. İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Alı Mustafayev kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət dilənib. Mustafayev Alı Mustafa oğlu14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi. Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişi ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı. 20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra "Respublikanın Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı, Ağstafa rayonunda Həsənsu kənd tam orta məktəbi, Bərdə şəhərində 5 saylı tam orta məktəb və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel ayının 18-də rayon rəhbərliyi tərəfindən Qazax rayonunun Qazaxbəyli kəndindəAlı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.




Facebook-da paylaş















