Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi
Zəngin tarixi keçmişə malik olan Laçın Azərbaycanın füsunkar guşələrindən
biridir. Təbiət bu torpaqdan əsrarəngiz gözəliyini, bol nemətlərini
əsirgəməyib. Gözəl meşələri, saf suları, təmiz havası, qeyri-adi təbiəti ilə
dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, dərdə dərman mineral
suları və bitkiləri ilə insanları heyran edən Laçın rayonu respublikamızın
cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı,
Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası
ilə həmsərhəddir. Relyefi dağlıq olan rayonun dəniz
səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ
zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan
rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını
yaradır və bu çay Araz çayına qovuşur. Laçın rayonu faydalı qazıntılarla zəngindir. Burada 3 filiz, 37 qeyri-filiz,
inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement
xammalı və tikinti daşı yataqları vardır. Həmçinin Laçın rayonunda sənaye
əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli,
Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük yataqlara
malikdir. 1930-cu ildən inzibati ərazi vahidi statusu almış Laçın rayonu 1924-cü ildə
təsis edilmişdir. Ərzisi 1.84 min kv.km, əhalisi 79.1 min nəfər olan Laçın
rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. 217 mədəniyyət müəssisəsi, 142
səhiyyə obyekti, 133 idarə və müəssisə,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər
müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1
rabitə müəssisəsi olan Laçın rayonu həm də tarixi abidələrlə zəngindir. Rayon
ərazisində VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi,
Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq, Həmzə Soltan
sarayı kimi tarixi özündə yaşadan abidələr vardır. Lakin 1992-ci il mayın 18-də
Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın
dəhlizi vasitəsi ilə rayona daxil oldu. Laçın da mühüm strateji əhəmiyyətə
malik bir bölgəmiz idi. Ona görə də Laçının işğalı faktiki olaraq Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdir. Şuşadan sonra işğala
məruz qalan 2-ci rayon olan Laçın güclü top və raket atəşinə məruz qalaraq
xəyanətin və məsuliyyətsizliyin qurbanı olaraq düşmənə təslim
edilmişdir. Laçının işğalı əhəmiyyətli geostrateji mövqeyə malik olduğundan
Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində əhaliyə qarşı
etnik təmizləmə aparıldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, itgin
düşdü, rayon əhalisi 57 şəhər və rayonumuzda müvəqqəti məskunlaşdı. Rayonun
tarixi abidələri, mədəniyyət müəssisələri, müxtəlif təyinatlı istehsal
müəssisələri talan edildi və məhvə məruz qaldı. 54 dünya, 200-dən çox yerli
əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Laçın tarix muzeyi və onun
qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Düşmən beynəlxalq hüquq
və prinsipləri kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların
dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə
çevrilməsi əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü
məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni
əməllərlə məşğul olub. 30 illik həsrətdən sonra sentyabrın 27-də başlanan əks
hücum əməliyyatları ilə Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq
qanunların aliliyini bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli
Bəyanata əsasən Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə
həyata keçirildi. Laçın rayonu dekabrın 1-də erməni
işğalından azad edildi. Laçın Qarabağın ətrafında yerləşən 7 rayondan biridir.
Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Laçının Güləbird, Səfiyan
və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Bu gün laçınlılar artıq doğma yurdlarının işğal gününü deyil, işğaldan azad
olunduğu tarixi qürurla qeyd edirlər. Bütün xalqımız kimi, bu qələbəni onlara
bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, Vətən
uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə
minnətdar və borclu olduğumuzu söyləyirlər. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş