Prezident İlham Əliyev: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir”
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
dekabrın 1-də xalqa etdiyi müraciətdə söylədiyi kimi: "Laçın rayonunun işğaldan
azad olunması tarixi hadisədir”.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın
işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan
qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla
Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini
başa çatdırdı.
Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan
İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən
müharibəsinin 44 günü (27 sentyabr - 9 noyabr) ərzində 4 rayonumuzu - Cəbrayıl,
Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq
Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni
darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Azərbaycan
Ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard
dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.
Prezident İlham
Əliyev: "Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar,
sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir”.
Düşmənin məhv edilmiş
və qənimət götürülmüş texnikası:
53 tank əleyhinə
vasitə, 4 "Smerç”, 97 "Qrad”, 2 "Uraqan”, 1 "YARS”, 1 TOS odsaçan, "S-300”
zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir "S-300” radiolokatoru və iki
"S-300” aşkaretmə stansiyası, 1 "Oborona” radiolokasiya stansiyası, 5 "TOR”
zenit-raket kompleksi, 40 "Osa” zenit-raket kompleksi, 4 "KUB” zenit-raket
kompleksi, 1 "KRUQ” zenit-raket kompleksi, 14 zastava, 2 "S-125” zenit-raket
kompleksi, 22 pilotsuz uçuş aparatları, 2 "Elbrus” əməliyyat-taktiki raket
kompleksi, 1 ballistik raket, 1 "Toçka-U” raket kompleksi, 5 radioelektron
mübarizə vasitələri, 2 "R-142” komanda qərargah maşını, 1 "Nebo-M”
radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyası, 4 "Reppelent” radio-texniki
maneə vasitəsi, 28 "Akasiya” və "Qvozdika” özüyeriyən artilleriya qurğusu, 315
müxtəlif çaplı top, 63 minaatan, 10 xüsusi avtomobil, 7 komanda məntəqəsi, 11 sursat
anbarı, 287 tank, 69 piyadaların döyüş maşını, 5 "Su-25” təyyarəsi, 252 yük
avtomobili məhv edilib.
5 "Akasiya” və
"Qvozdika” özüyeriyən artilleriya qurğusu, 37 müxtəlif çaplı top, 62 minaatan,
93 xüsusi avtomobil, 178 qumbaraatan, 10 traktor, 5 "Şilka” zenit qurğusu, 1380
atıcı silah, 79 tank, 47 piyadaların döyüş maşını, 270 yük avtomobili hərbi qənimət kimi götürülüb.
Üçtərəfli bəyanata
əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən
22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın
rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan
çıxmağa məcbur edildi.
Azərbaycan tərəfinə
17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun
qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi,
diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,
bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Dağlıq Qarabağ ətrafındakı
7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması
möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının
növbəti təsdiqidir.
Ermənistan
tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr edib, bəzi Qərb
dairələri bu mövqeyi dəstəkləyib. Bu məqsədlə
Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda
qanunsuz məskunlaşdırma həyata keçirib. Belə bir
fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.
ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın
rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın
məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
Prezident İlham
Əliyev: "Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa,
heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını
qıcıqlandırırdı”.
Prezident İlham
Əliyev: "Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta
bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla
barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
Prezident
İlham Əliyev: "Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik,
yeni əməkdaşlıq formatı yaratdı”.
Prezident İlham
Əliyev: "İşğalda olan bütün
rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi.
Bu, bizim mövqeyimiz idi”.
Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul
edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi.
Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda
mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən
işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə
bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin
son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər
rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi. Laçının azad olunması
ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz
özü hərbi-siyasi yolla yerinə yetirdi.
Prezident
İlham Əliyev: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.
Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, bir çox başqaları üçün də, kağız parçası idi”.
Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Laçın
şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı
Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Laçın rayonu 1924-cü
ildə təsis edilib. Ərazisi 1.84 min kv.km-dir, işğaldan əvvəl əhalisi 65 430 nəfər
olmuşdur.
Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid
olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı
vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225
nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən
yetim qalmışdır. İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti,
133 idarə və müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5
musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi
var idi. İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən
çoxdur. Laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Prezident İlham Əliyev: "Laçınlıları
qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən
biri olacaqdır”.
Prezident İlham Əliyev: "Keçmiş
məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət
ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq”.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir.
Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd
rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə
biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin
cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi
Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 metr).
Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən,
enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən
ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var.
Mineral suları tam tədqiq edilməyib.
Tanınmış şəxslər: XVIII əsr Pənahəli
xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy, XVII əsrdə yaşamış məşhur
Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə
naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov, Azərbaycanda xalq təhsilinin
yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin
(pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov, Azərbaycan Demokratik
Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və b.
Azərbaycan Respublikası Laçın dəhlizi üzərində
suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti
altındadır. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar
Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə
adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu
da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
İşğaldan
azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda
o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin
vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın
normal həyatı üçün bütün addımlar atılacaq.
Artıq
müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində
aparılacaqdır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd
təsərrüfatı, turizm potensialı çox böyükdür.
Prezident İlham Əliyev: "Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ
bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə
çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
Prezident
İlham Əliyev: "Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu
Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!
GOYEZEN.AZ
Facebook-da paylaş