Qubadlı tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq
2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən, Azərbaycan
xalqının yaddaşına tarixi Qələbə ilə həkk olunan Vətən müharibəsindən artıq 1
il arxada qalır. Azərbaycan xalqı əvvəlki tək uzun illərdir düşmən tapdağında
qalan torpaqlarımızın işğal gününü deyil, azadlığa qovuşduğu günü qeyd edir. Qubadlı rayonu da 31
avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Qubadlı rayonunun işğalı nəticəsində rayon əhalisinə
və dövlətə vurulmuş maddi və mənəvi zərər olduqca böyükdür. İşğal nəticəsində
rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində
müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati
bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış
və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km
avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri,
165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman,
4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və
transformatorlar tamamilə dağıdılmışdır. Rayonun coğrafi mövqeyi və təbiəti də əlverişlidir. Qubadlı
rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən
dağlıqdır. Qubadlı rayonu Qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan
Laçın rayonu, Xocavənd rayonu, Şərqdən Cəbrayıl rayonu, Cənubdan isə Zəngilan
rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında
yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. "Yazı düzü”,
"Gəyən” və "Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə
rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin,
850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543
hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun
ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri,
Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub.
Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Rayonun faydalı qazıntı ehtiyatlarına gəlincə Qubadlı
rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm
yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng
daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq
kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Qubadlı əməliyyatı da hələ uzun illər öyrəniləcək. Qubadlı
rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri
oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu
idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi
birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər
götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə
atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb
edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə
hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq
qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər
ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən
təmizlədilər. Bu gün Qubadlının adı dövlət təltiflərində də yaşadılır. 2020-ci
il noyabrın 26-da "Qubadlının
azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan
Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına
görə” medalı ilə təltif edilmişdir. Ermənistanın hərbi cinayətləri heç vaxt bitib tükənmək bilmədi. Bunu Qubadlı
rayonun Xanlıq kəndində hərbi istehkamın, hərbi bazanın qurulması da bir daha sübut
etdi. Eyni zamanda, Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən
gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi
cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda
qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər
üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb. 2020-ci il yaddaşlara təkcə Qubadlının azad olunması ilə deyil, həm də həmin
torpaqlara edilən səfərlərlə də yadda qaldı. 2020-ci il 23 dekabr tarixində
Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Bir daha
şahidi olduq ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin
azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib,
Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman
Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak
olmuş igidin adını çəkmək olar. Bugünkü gənc nəsil məhz Şükür Həmidov kimi qəhrəman
oğullarımızdan, eləcə də 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan bütün
şəhidlərimizdən, igid oğullarımızdan örnək götürürlər. Bəli,
bu gün artıq Qubadlı azaddır. Tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq
açacaq. Azad olunmuş digər yerlərimiz kimi Qubadlıda da tikinti-quruculuq işləri
davam etdirilməkdədir. Hər birimiz, ən əsası da qubadlılar əmindir ki, tezliklə
Qubadlının firavan, abad gələcəyini qanları, canları bahasına qazanan Əliyar
Əliyev, Şükür Həmidov kimi igid qəhrəmanlarımızın ruhları da görüb sevinəcək. O
gün isə elə də uzaqda deyil. GOYEZEN.AZ
Facebook-da paylaş