Əsas Səhifə > Rəsmi > Qubadlı tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq

Qubadlı tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq


21-10-2021, 13:44


2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən, Azərbaycan xalqının yaddaşına tarixi Qələbə ilə həkk olunan Vətən müharibəsindən artıq 1 il arxada qalır. Azərbaycan xalqı əvvəlki tək uzun illərdir düşmən tapdağında qalan torpaqlarımızın işğal gününü deyil, azadlığa qovuşduğu günü qeyd edir.

Qubadlı rayonu da 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Qubadlı rayonunun işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərər olduqca böyükdür. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Rayonun coğrafi mövqeyi və təbiəti də əlverişlidir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu Qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, Şərqdən Cəbrayıl rayonu, Cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. "Yazı düzü”, "Gəyən” və "Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Rayonun faydalı qazıntı ehtiyatlarına gəlincə Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlı əməliyyatı da hələ uzun illər öyrəniləcək. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.

Bu gün Qubadlının adı dövlət təltiflərində də yaşadılır. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Ermənistanın hərbi cinayətləri heç vaxt bitib tükənmək bilmədi. Bunu Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkamın, hərbi bazanın qurulması da bir daha sübut etdi. Eyni zamanda, Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.

2020-ci il yaddaşlara təkcə Qubadlının azad olunması ilə deyil, həm də həmin torpaqlara edilən səfərlərlə də yadda qaldı. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Bir daha şahidi olduq ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar. Bugünkü gənc nəsil məhz Şükür Həmidov kimi qəhrəman oğullarımızdan, eləcə də 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan bütün şəhidlərimizdən, igid oğullarımızdan örnək götürürlər.

Bəli, bu gün artıq Qubadlı azaddır. Tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq. Azad olunmuş digər yerlərimiz kimi Qubadlıda da tikinti-quruculuq işləri davam etdirilməkdədir. Hər birimiz, ən əsası da qubadlılar əmindir ki, tezliklə Qubadlının firavan, abad gələcəyini qanları, canları bahasına qazanan Əliyar Əliyev, Şükür Həmidov kimi igid qəhrəmanlarımızın ruhları da görüb sevinəcək. O gün isə elə də uzaqda deyil.

GOYEZEN.AZ


Geri qayıt