Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi

Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi


28-11-2021, 17:05


Zəngin tarixi keçmişə malik olan Laçın Azərbaycanın füsunkar guşələrindən biridir. Təbiət bu torpaqdan əsrarəngiz gözəliyini, bol nemətlərini əsirgəməyib. Gözəl meşələri, saf suları, təmiz havası, qeyri-adi təbiəti ilə dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, dərdə dərman mineral suları və bitkiləri ilə insanları heyran edən Laçın rayonu respublikamızın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır və bu çay Araz çayına qovuşur.

Laçın rayonu faydalı qazıntılarla zəngindir. Burada 3 filiz, 37 qeyri-filiz, inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları vardır. Həmçinin Laçın rayonunda sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük yataqlara malikdir.

1930-cu ildən inzibati ərazi vahidi statusu almış Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Ərzisi 1.84 min kv.km, əhalisi 79.1 min nəfər olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə,100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi olan Laçın rayonu həm də tarixi abidələrlə zəngindir. Rayon ərazisində VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq, Həmzə Soltan sarayı kimi tarixi özündə yaşadan abidələr vardır. Lakin 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə rayona daxil oldu. Laçın da mühüm strateji əhəmiyyətə malik bir bölgəmiz idi. Ona görə də Laçının işğalı faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdir. Şuşadan sonra işğala məruz qalan 2-ci rayon olan Laçın güclü top və raket atəşinə məruz qalaraq xəyanətin və məsuliyyətsizliyin qurbanı olaraq düşmənə təslim edilmişdir. Laçının işğalı əhəmiyyətli geostrateji mövqeyə malik olduğundan Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində əhaliyə qarşı etnik təmizləmə aparıldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, itgin düşdü, rayon əhalisi 57 şəhər və rayonumuzda müvəqqəti məskunlaşdı. Rayonun tarixi abidələri, mədəniyyət müəssisələri, müxtəlif təyinatlı istehsal müəssisələri talan edildi və məhvə məruz qaldı. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Laçın tarix muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Düşmən beynəlxalq hüquq və prinsipləri kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. 30 illik həsrətdən sonra sentyabrın 27-də başlanan əks hücum əməliyyatları ilə Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdi.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Laçın rayonu dekabrın 1-də erməni işğalından azad edildi. Laçın Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Laçının Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

Bu gün laçınlılar artıq doğma yurdlarının işğal gününü deyil, işğaldan azad olunduğu tarixi qürurla qeyd edirlər. Bütün xalqımız kimi, bu qələbəni onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu söyləyirlər.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt