• Təqvim

  • Maraq



İcra başçısı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə maraqlanıb


Son illər cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində ölkəmizdə yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayı ildən-ilə artır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının da rolu böyükdür. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da hər zaman hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısından xəbər verir.


Ölkə başçısı tərəfindən yararsız halda olan Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamıdır.  

Hazırda köhnə məktəb-lisey binasının yerində yeni bina inşa olunur və işlər sürətlə davam etdirilir.

 

Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə bağlı görülən işlərlə maraqlanıb.

 

İş icraçısı Sakit Rəsulov görülmüş işlər barədə məlumat verərək yeni inşa olunacaq məktəb binasının 4 korpusdan ibarət olacağını bildirib. Tədris korpusunun 4 mərtəbədən, 2 korpusun 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpusun isə 1 mərtəbədən ibarət olacağını qeyd edib. İş icraçısı işlərə noyabr ayının əvvəlindən başlanıldığını və sürətlə davam etdirildiyini söyləyib. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqlarının, kimya, fizika, biologiya laboratoriya otaqlarının, kompüter otaqlarının, 172 yerlik yeməkxana və 312 yerlik akt zalının inşasının nəzərdə tutulduğunu qeyd edib. Hazırda bütün işlərin paralel olaraq həyata keçirildiyini vurğulayıb.

Məktəbin müəllim-şagird kollektivi və valideynlər də yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş