İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub
Respublika Prezidenti cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə
uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunur.
Son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha
yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün atılan addımlar, yaradılan
şərait, yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının
inşa olunması, əsaslı şəkildə yenidən qurulması bunu söyləməyə əsas verir. Ölkə başçısının gələcəyimiz
olan uşaqlara göstərdiyi dövlət qayğısını əldə rəhbər tutan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı
ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud olan
bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində
gördüyü işlər dediklərimizin bariz nümunəsidir. Rayon rəhbərinin uşaqlara olan
sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən
25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir
tələblərə cavab verən səviyyədədir. Yola saldığımız 2020-ci
ildə əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılan növbəti bağçalardan
biri də 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq
bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar
ki, əsas işlər başa çatıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov əsaslı şəkildə yenidən qurulan Kosalar kənd
1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış
olub. Görülmüş işləri yüksək qiymətləndirən icra başçısı bağçanın həyətində
aparılacaq işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini də verib. Bağça müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də
böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyib. Rəhbərlik etdiyi kollektiv,
eləcə də valideynlər adından gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə ölkə
başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edib.
GOYEZEN.AZ
Facebook-da paylaş