Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasının dam örtüyü vurulur
Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri yüksək dövlət qayğısı Qazaxda da hiss olunmaqdadır. Son illər dövlət başçısının diqqət və qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirlər, görülən işlər bunu deməyə əsas verir. İldən-ilə tikilən yeni məktəblərin, inşa olunan körpələr evi-uşaq bağçalarının sayının artması da həmin diqqət və qayğının bariz nümunəsidir.
Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisi, qayğısı sayəsində bu gün Qazaxda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani sübutudur.
Təqdirəlayiq hal isə odur ki, bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər hər il olduğu kimi, bu il də uğurla davam etdirilir.
Kosalar kənd sakinləri üçün bu il daha da əlamətdardır. Ona görə ki, bu il kənddə Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi yüksək səviyyədə yenidən qurulub. Hazırda isə kənddə təmirə ehtiyacı olan üçüncü bağçada - 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılır.
Rayon rəhbərliyi tərəfindən əsaslı şəkildə yenidən qurulan bağçanın artıq dam örtüyü vurulur. Yaxın günlərdə də suvaq və digər işlərə start veriləcək.
Bağça müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını tərbiyəçilərin, valideynlərin, eləcə də uşaqların bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edir. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv, eləcə də valideynlər adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirir.
GOYEZEN.AZ
Facebook-da paylaş