Alpout kənd İƏD-si üzrə nümayəndəlikdə də 2019-cu ilin yekununa və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyində də 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Əvvəlcə yığıncağı aparmaq üçün sədr və katib seçilib, gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Hesabat yığıncağında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola saldığımız 2019-cu ilin ölkəmiz, eləcə də Qazax rayonu üçün uğurlu bir il olduğunu qeyd edən müavin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. Hər il olduğu kimi, 2019-cu ildə də ölkə başçısının rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıb.
Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın deyən M.Alıyev Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında rayonda, eləcə də bütün kəndlərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edib.
Alpout kənd İƏD üzrə nümayəndəsi Murğuz Alıyev çıxış edərək 2019-cu ildə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.
Geniş hesabat məruzəsi ilə çıxış edən icra nümayəndəsi 2019-cu ildə nümayəndəlik tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Alpout kənd İƏD-si üzrə nümayəndəlik iki kəndi - Alpout və Abbasbəyli kəndlərini əhatə edir. İki kəndin birlikdə 329 təsərrüfatı, 1124 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 ibtidai məktəb, 2 diyarşünaslıq klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 1 elektron ATS, 1 poçt şöbəsi, Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun Göyəzən filialı fəaliyyət göstərir.
2018-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. Kənd İƏD-si üzrə nümayəndəliyin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında daim təmizlik işləri aparılır. Kənd ərazisində yol kənarlarına, su arxlarına, zibil və digər məişət tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq əhaliyə xəbərdarlıq edilmişdir. Təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir.
2019-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinləri ilə görüşlərdə vətəndaşları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. İcra başçısının qayğısı sayəsində nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Belə ki, asfalt yolun kənarında olan artezian quyusundan kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Alpout kəndinin mərkəzinə 700 metr uzunluğunda su xətti çəkilərək 25 tonluq çən quraşdırılmış, həmin ərazidə 1 ədəd bulaq tikilmişdir. Quraşdırılmış su çənindən diametri 15 mm-lik olan 80 ədəd boru hazırlanaraq, evlərinə su xətti çəkmək üçün kənd sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə, kənd sakinlərinin müraciətləri nəzərə alınaraq yenə də rayon rəhbərliyinin köməyi ilə 2017-ci ildə yeni qazılmış subartezian quyusundan iyul ayının 21-dən kəndin qalan hissəsinə su xətti çəkilməsinə başlanılmışdır. Məsələ ilə əlaqədar diametri 1000 mm-lik 11,5 m uzunluğunda dəmir boru, 9 m uzunluğunda polietilen boru, 10 tonluq su çəni və dəmir dayaq verilmişdir. Subarteziandan kəndin mərkəzinə 900 m uzunluğunda su xətti çəkilmiş və kəndin münasib yerlərinə 3 ədəd su çəni quraşdırılmışdır. Su çənlərinin hər biri orta hesabla 20 ailəni təmin etməklə cəmi 60 ailəyə xidmət göstərilir. Hazırda kənd sakinlərinin istifadəsinə verilmişdir.
Suvarma arxları əl əməyi ilə koldan–kosdan tam təmizlənmişdir. "Alpout arxı”nın cəmi 3,9 km hissəsi yəni, Abbasbəyli ərazisində 0,7 km, Alpout ərazisində 3,2 km hissəsi kənd sakinləri və Suvarma Sisteləri İdarəsinin işçiləri tərəfindən təmizlənmişdir. Alpout və Abbasbəyli nasos stansiyalarında da təmir işləri aparılmışdır.
Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilməklə Coğazçay su anbarında su yekunlaşana kimi nasosların fasiləsiz vurulması təmin edilmişdir. Bundan başqa, kənd sakinlərinin müraciətlərini nəzərə alaraq Alpout kəndində su nasosunun yerləşdiyi ərazidəki gölün həcminin lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilmişdir.
Alpout və Abbasbəyli kəndlərinin hər birində olan köhnə qaz tənzimləyicilər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Bundan əlavə, barama istehsalının artırılması məqsədilə Alpout kəndinin ərazisində 1200 ədəd yerli tut ağacı olmaqla yeni tut tingləri də əkilmişdir.
Kənd İnvestisiya layihəsi tərəfindən Alpout və Abbasbəyli kəndlərinin 10350 metr kəndarası yollarına qum-çınqıl tökülərək təmir edilmişdir.
Alpout və Abbasbəyli kəndlərində hər birində uzunluğu 500 metr olan 100 -10 mm-lik rabitə xətləri və 8 ədəd telefon dirəkləri yenisi ilə əvəz olunmuş, təmir edilməsinə ehtiyacı olan dayaqlar təmir edilmişdir.
Alpout və Abbasbəyli kəndində qəzalı vəziyyətdə olan 2 ədəd ağac elektrik dayağı dəmir dayaqlarla əvəz edilmiş, kəndlərin transformatorlarında təmir işləri aparılmaqla elektrik xətlərinə dəyən və yaxın olan ağacların budanması işləri davam etdirilir.
Nümayəndəliyin ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə və hərbiçilərə bayram günlərində bayram sovqatları verilmişdir.
Alpout kənd icra nümayəndəliyi ərazisində diyarşünaslıq klubu, kitabxana fəaliyyət göstərir. Diyarşünaslıq klubu, kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. 2019-cu ildə bir çox tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı soyqırımı, 21 Mart - Novruz bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü, Qurban bayramı tədbirləri qeyd olunmuşdur.
Alpout kənd tam orta məktəbində 111 şagird təhsil alır, 24 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğul olur. Keçən il məktəbi bitirən 5 nəfər məzundan 5 nəfəri ali məktəbə iş vermiş, ondan 3 nəfəri ali, 2 nəfəri isə tibb kollecinə qəbul olmuşdur. Abbasbəyli kənd ibtidai məktəbində isə 14 nəfər şagird təhsil alır, 5 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Alpout məktəbi qazanxana sistemi, Abbasbəyli kənd ibtidai məktəbi isə müasir istilik sistemi ilə təchiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Abbasbəyli kənd tibb məntəqəsi, Alpout həkim məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.
Alpout və Abbasbəyli kəndlərində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Bütün abonentlər yandırılan enerjinin və təbii qazın dəyərini ödəyir. Alpout kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam–intizam, xidmət səviyyəsi qənaətbəxşdir.
Ərazidə 320 nömrəli elektron ATS və mobil telefon stansiyaları "Azercell” və "Bakcell” fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti tam təmin olunmuşdur. Ərazidə 118 nömrədə kənd sakinləri internet xidmətindən istifadə edirlər.
Ərazidə Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun Göyəzən filialı fəaliyyət göstərir. Qoruğun işçiləri gələn qonaqlara Göyəzən dağında olan qala və tikililər haqqında ətraflı məlumat verməklə həmin ərazinin mühafizə olunmasına xidmət göstərirlər. Bundan başqa, Göyəzən dağının ətrafı 30 ha qoruq sahəsi olmaqla həmin ərazidə 2019-cu ilin noyabr-dekabr aylarında 300 ədəd şam ağacı və 600 ədəd digər (150 ədəd ərik, 450 ədəd badam) ağaclar əkilmişdir. Ağacların suvarılması üçün həmin əraziyə 3 tonluq dəmir su çəni quraşdırılmış və 600 m polietilen su borusu çəkilmişdir.
Nümayəndəliyin baytar sahəsində çalışan işçilər əhalinin mal–qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında keyfiyyətlə aparılmasını təmin edir.
Nümayəndəlik tərəfindən əhali arasında vətənpərvərlik mövzusunda təbliğat və təşviqat işləri müntəzəm olaraq aparılır. Ərazidə hərbi xidmətə çağırış nümunəvi qaydada olmuş, hərbidən yayınma hallarına yol verilməmişdir.
2019-cu ildə İƏD-si üzrə nümayəndəliyə 18 məktub daxil olmuş, vətəndaşlara 362 ədəd müxtəlif məzmunlu (yaşayış yeri, ailə tərkibi və s.) arayışlar verilmiş, 7 rəsmi müraciət daxil olmuş, müraciətlərin hamısı müsbət həll edilmişdir. 51 şifahi müraciətə baxılıb, nəticələri barədə həmin vətəndaşlara məlumat verilmişdir.
Hesabat dövründə qeydiyyata daxil olan 8 nəfər, qeydiyyatdan çıxan 3 nəfər, 6 doğum, 6 nikah, 4 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.
Nümayəndəlikdə 01.01.2020-ci il tarixə əhalidə 735 baş iribuynuzlu mal-qara, 2531 baş xırdabuynuzlu qoyun–keçi, 4250 baş quş qeydiyyata alınmış, təsərrüfatbaşına kitablarda lazımi qeydlər aparılaraq rayon Statistika İdarəsinə hesabat verilmişdir.
Bildiyiniz kimi, Alpout və Abbasbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ildə kənd əhalisi 399 hektarda, (yəni, 170 ha buğda, 229 ha arpa) payızlıq taxıl, 49 ha yonca, 13 ha qarğıdalı, 6 ha tərəvəz, 20 ha kartof, 9 ha vələmir, 3,50 ha tütün, 2 ha fındıq bağı və s. əkilib becərilmişdir. Bundan başqa, 401 kq barama istehsal olunmuşdur.
Kənd təsərrüfatı bitkiləri əkən 219 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 25360 manat subsidiya ödənilmişdir.
Alpout və Abbasbəyli kəndlərində ümumilikdə 2020-ci ilin məhsulu üçün 430 ha yer şumlanmışdır ki, cəmi 398 ha taxıl, bundan 161 ha buğda, 237 ha arpa səpilmişdir. Nümayəndəlik ərazisində 2020-ci il üçün barama yetişdirilməsi və tütün əkilməsi nəzərdə tutulmuşdur.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Alpout kənd İƏD-si üzrə nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Alpout bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Sonra məruzə ətrafında çıxış edən Alpout kənd tam orta məktəbin müəllimi Sakibə Nəbiyeva, Kamal Nəbiyev, Fikrət Tağıyev və başqaları çıxış edərək rayonumuzda, eləcə də bütün kəndlərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçiriləcək işlərdə uğurlar arzu ediblər.
Sakinlər görüşdə əldə olunmuş uğurlarla yanaşı, Alpout və Abbasbəyli kəndlərinin hər birində bir ədəd subartezian quyusunun qazılması, Alpout kəndində bağçanın açılması, Abbasbəyli kəndində gənc ailələrə torpaq sahəsinin ayrılması ilə bağlı istəklərini də çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Həmçinin, 2020-ci ildə rayonda qazılacaq subartezian quyularından Alpout və Abbasbəyli kəndlərində də qazılmasının nəzərdə tutulduğunu qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş