• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur


Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi olmuşdur. 

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar, rutullar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Azərbaycan ərazisində eyni zamanda ermənilər də yaşayır və ermənilər Azərbaycanda yaşayan yeganə xalqdır ki, yaşadığı ölkənin çörəyinə, torpağına xain çıxırlar.

Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlar da bu çətinlikləri birgə yaşayırlar.

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan etnik qrupların nümayəndələri bir an belə tərəddüd etmədən vətənin müdafiəsinə qalxdılar, çoxsaylı şəhidlərimiz oldu.

Bu gün Azərbaycan tərkibində çoxlu azsaylı xalqların nümayəndələrinin yaşadığı tolerant, multikultural dövlət kimi bütün dünyaya nümunədir. Bunun kökündə isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli-mənəvi, multikultural dəyərləri özündə əks etdirən Azərbaycanın güclü dövlət siyasəti və bu sahədə görülmüş məqsədyönlü işlər dayanır.

Ülviyyə BAYRAMOVA,

Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi



Facebook-da paylaş