• Təqvim

  • Unutma

  • Maraq



Qazax məktəblərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırmına həsr olunmuş silsilə tədbirlər, anım mərasimləri keçirilib.

Tədbirlər planına uyğun olaraq növbəti anım tədbirləri S.Vurğun adına şəhər 2 nömrəli, İ.Qayıbov adına şəhər 3 nömrəli və Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəblərində təşkil olunub.

Tədbirdə iştirak edən məktəbin müəllim-şagird kollektivi əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra faciəni özündə əks etdirən filmlər nümayiş etdirilib.

Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3 nömrəli tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, Ağköynək kənd tam orta məktəbin direktoru Rasimə Carçıyeva və başqaları tarixin yaddaşına qanla yazılan Xocalı faicəsi haqqında çıxış ediblər. Bildiriblər ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq bir çox ölkə və ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

Tədbirlərdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyi, şəhidlərimizin ruhunun rahatlıq tapacağı günün uzaqda olmadığı da qeyd olunub.

Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərimizə, Vətənə həsr olunmuş qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəb











S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb







İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəb












GOYEZEN.AZ



Facebook-da paylaş