"Biz qisası övladlarımıza qoymamalıyıq"
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Azərbaycanın igid və mərd oğulları bu deyimi özlərinin həyat amalı bilərək döyüşə atılmaqdan, Vətən yolunda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmaqdan bir an olsun belə çəkinmədilər. Vətəni qanı, canı bahasına qoruyan oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Abdullayev Sərxan Elxan oğlu haqqında yer almış "Biz qisası övladlarımıza qoymamalıyıq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Biz qisası övladlarımıza qoymamalıyıq"
Hərbçi ailəsində anadan olmuşdu Sərxan. Gözünü dünyaya açandan evdəki adamları hərbi formada görmüşdü. Keçmiş hərbçi, eyni zamanda Qarabağ müharibəsi veteranı olan atası Elxan 20 il gizir kimi xidmət göstərmiş, övladlarını da bu ruhda tərbiyə etmişdi. Bu barədə söz düşəndə dedi ki:
- Sərxan ailəmizin böyük oğlu idi. Vaxt olanda onu özümlə hərbi hissəyə aparır, hərbçi həyatı ilə onu tanış edirdim. Sərxanın ən çox diqqətini çəkən qərargahda ucaldılmış hərbi hissənin bayrağı və onu qoruyan əsgər idi. Ona görə də hər dəfə hərbi hissədə olanda dayanıb diqqətlə bayrağa və keşiyində dayanmış əsgərə baxardı. Bundan başqa Sərxan hərbi hissədə olan hərbi texnikaya və silahlara da maraq göstərirdi.
Elxan Abdullayevin ailəsində hərb sahəsinə böyük hörmət və ehtiram var idi. Ona görə də evin hər 2 övladı gələcəkdə hərbi sahəni seçərək onu həyatlarının ömür amalına çevirdilər, hərbçi olaraq atalarının yolunu davam etdirdilər.
Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin birinci sinifinə daxil olan gündən yaxşı oxuyur, müəllimlərin ona bəslədikləri etimadı doğruldurdu.
Söhbət zamanı Elxan kişi oğlunun yaxşı oxuması ilə yanaşı, onun müəllimlər, sinif yoldaşları, qohumlar, qonşular arasında böyük hörmət qazandığını da qeyd elədi:
- Sərxan çox qəlbi təmiz, ürəyi yumşaq oğul idi, - dedi. - O, öz tərbiyəsi, sadəliyi, mehribanlığı ilə qohumların, qonşuların, dostlarının böyük hörmətini qazanmışdı.
Yaxşı oxumasına baxmayaraq Sərxan təhsilini davam etdirmədi. Arzusu tamam başqa istiqamətə olduğundan əsgərliyə getməyi üstün tutdu. Çünki onun arzuları hərbi xidmətdən keçirdi.
Ona görə də 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılanda əsgəri borcunu yerinə yetirməyə çox həvəslə yollandı. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra uşaqlıqdan ürəyində yuva qurmuş arzularının dalınca getdi. Həmin ilin noyabrından Daxili Qoşunların 17074 saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başladı. Sərxan xidmət etdiyi dövrdə Daxili Qoşunların Orta İxtisas Məktəbində təşkil olunmuş 6 aylıq "Gizir hazırlığı kursu"nu bitirərək "Gizir" hərbi rütbəsini aldı. O, 2013-cü ilin fevral ayından etibarən xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirdi. Sərxana 5 oktyabr 2019-cu il tarixli 63 nömrəli vəsiqə ilə xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçularının şücaət və peşəkarlığının rəmzi olan "Zolaqlı beret"i daşımaq hüququ verilmişdi.
Bütün bunlar Sərxan üçün son hədd deyildi. O, 2014-cü ilin sentyabr ayından dekabr ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında "Gizir komando təməl kursu"nu müvəffəqiyyətlə bitirərək müvafiq sertifikat almışdı. O, bu göstəricilərə idmançı olması və özünü təlimə ciddi hazırlaması sayəsində nail olmuşdu.
Qısa zaman kəsiyində Sərxan Abdullayevin əsl hərbçiyə xas olan fəaliyyəti yüksək qiymətləndirilib. Daxili İşlər Nazirliyi tərəfindən Sərxan Abdullayev 9 iyul 2012-ci ildə "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı ilə, 30 iyun 2017-ci ildə isə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Həyat yoldaşı Cəmilə xanım danışır ki:
- Sərxan forma geyinməyi çox sevirdi. Ümumiyyətlə, onun hərbi libasa çox böyük hörməti var idi. Gizir formasını çox həvəslə geyinər, şəstlə yeriyərdi. Bu, onun öz sənətinə sevgisindən, hərbiyə olan hörmətindən irəli gəlirdi.
Sərxan qısa müddətdə dərin bilikli, bacarıqlı və yüksək ixtisaslı hərbçi kimi yetişmişdi. Artıq düşməndən qisas almaq, işğal altında olan torpaqlarımızı geri qaytarmaq məqamı gəlib çatmışdı. O, Vətənin bir oğlu, bir hərbçisi kimi buna tam hazır idi. Sərxan bacarıqlı və hazırlıqlı olması ilə yanaşı idmana da böyük marağı var idi. Xüsusi təyinatlılar arasında keçirilən yarışlarda dəfələrlə onun dəstəsi birinci yerə çıxmışdı. O, vətənpərvər, cəsur yarımqrup komandiri kimi şəxsi heyət üçün də həmişə nümunə olub. Tabeçiliyindəki hərbi qulluqçulara qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğılarını da əsirgəməyib. Hər zaman şəxsi heyətin yanında olub. Elə döyüşlərdə də onları tək qoymayıb.
İşləri qaydasında getməsinə, hərbi sahədə uğurları olmasına baxmayaraq, Sərxan narahat idi. O, torpaqlarımızın hələ də işğal altında olmasını qəbul edə bilmir, düşməndən intiqam almaq arzusu ilə yaşayırdı. Qarabağ problemindən söz düşəndə Sərxan Abdullayev gözləməyin qəti əleyhdarı idi. "Axı, nə qədər gözləmək olar? İntiqam almaq vaxtı gəlib çatıb. Biz qisası övladlarımıza qoymamalıyıq", - deyirdi.
Anası Sürəyya xanım danışır ki:
- Sentyabrın 19-da Sərxan bir günlük evə gəlmişdi. O vaxta qədər mən onun təlimlərdə olmasını bilmirdim. Sərxanın çox arıqladığını və üzünün qaraldığını görəndə "Anan ölsün ay bala, niyə belə olmusan" - dedim. Qayıtdı ki, "Təlimdə idim, ay ana. Evə qayıdaram, hər şey düzələr", - dedi.
Sərxan həmin gün bir gecə evdə qalıb. Səhərisi gün həyat yoldaşını və övladlarını şəhərə gəzməyə aparanda mətbəxə girib anasının üzündən öpərək:
- Ana, uşaqlara paltar almağa gedirəm, sənə nə alım? - deyə soruşub.
- Uşaqlara, Cəmiləyə alarsan. Mənə heç nə lazım deyil, - deyib Sürəyya xanım.
Həmin günü məlum olur ki, Sərxanın yarasından çirk axır. Bir müddət əvvəl əməliyyat olunmuşdu. Həyat yoldaşı Cəmilə bu barədə Sürəyya xanıma deyəndə ana narahat olur.
- Ay oğul, belə vəziyyətdə sən təlimə necə gedibsən? - deyə soruşur.
- Ana, narahat olma. Düzələr. Təlimə mən getməyim, bəs kim getsin, - deyərək anasını sakitləşdirir.
Sentyabrın 27-si idi. Sərxanın çoxdan bəri gözlədiyi gün gəlib çatmışdı, döyüşmək məqamı yetişmişdi.
Cəmilə xanım söyləyir:
- Vətən müharibəsi başlayanda Sərxanın gözlərində bir sevinc hissi var idi ki, gəl görəsən. Müharibənin başlanmasına, intiqam vaxtının gəlib çatmasına çox sevinirdi.
17074 saylı hərbi hissədə "Qartal" şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri, "Zəfər" ordeni, "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif olunmuş mayor Sahib İbrahimovun dedikləri Sərxan Abdullayevin vətənpərvərliyinə, qəhrəmanlığına ən bariz nümunədir. Cəsur komandir danışır ki:
- Sentyabrın 27-dən 28-nə keçən gecə, döyüş öncəsi, Camışdağ silsiləsində Ömər yüksəkliyi istiqamətinə keçid vaxtı 39 dərəcə hərarətinin olmasına və bizim təkidimizə baxmayaraq Sərxan qəti şəkildə şəxsi heyətlə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini bildirdi və hərəkətə başladı. Bu vaxt mən onu yanıma çağırıb: "Sənin qızdırman var, hərarətin yüksəkdir. Burda bizi gözlə, hələlik irəli getmə"- dedim. Sərxan narazı halda: "Cənab mayor, dəstəmiz döyüşə gedir. Siz mənim yerimdə olsaydınız, getməzdiniz?" - deyə sual etdi. Mən cavabında: "Əlbəttə, mən getməliyəm" - dedim. O, da qəti şəkildə: "Mən də getməliyəm, Mən də komandirəm. Mənim də şəxsi heyətim var" - deyə bildirdi və birinci qrupla birlikdə hərəkət etməyə başladı".
...Vətən müharibəsinə Murov dağındakı yüksəkliyin alınmasından başladı, Sərxan. 2020-ci il sentyabrın 27-dən 28-nə keçən gecə idi. Dalbadal 4 postu almışdılar. Ermənilərin xeyli sayda canlı qüvvəsini məhv etmişdilər. Kəlbəcər istiqamətində irəliləyirdilər. Bu vaxt Sərxanın lap yaxınlığına minaatan silahdan atılmış mərmi düşdü və gənc gizirin həyatına son qoydu. Döyüş yoldaşları düşmənin layiqli cavabını verərək darmadağın etdilər. Ordumuz yenə də irəliləməyə başladı.
Vətənin qoynunda göz açan insan,
Hər zaman borcludur Vətənə bir can.
Sən də tarix yazdın qanınla Sərxan
Ucaldın Şəhidlik zirvəsinə sən,
Səninlə fəxr edir bu Ana Vətən.
...Aradan bir neçə il keçməsinə baxmayaraq Sürəyya xanım yenə də oğul dərdi ilə alışıb-yanır.
- Hələ də özümə yer tapa bilmirəm, - deyir dərdli ana. - Çox ağırdır oğul itirmək. Bu gün bizi ayaqda tutan Sərxanın ailəsidir. Oğlumun iyisini yoldaşından, balalarından alıram. İndi onlar üçün yaşayıram.
Sürəyya xanım sözünü dəyərli bir məsəllə bitirir:
- Hansı filosofsa söyləyib ki, - deyir. - Müharibəni ilk dəfə kim başlayıb, bilmirəm. Amma onu bilirəm ki, ilk atılan güllə anaların ürəyinə dəyib.
Sərxanla bağlı şahidi olduğum bir məqamı da oxucuların nəzərinə yetirmək, məncə yerinə düşər. Sərxanın qardaşı, döyüşlərdə igidlik göstərmiş kapitan Elman Abdullayev dəfn mərasimində iştirak etmək üçün Qazaxa gəlmişdi. Elxan kişi həmin günü belə xatırlayır:
- Biz onu 3 saat gözlədik. Heç vaxt yadımdan çıxmaz. Elman gələn vaxt izdiham iki yerə bölündü və ona yol verdilər. Elman Sərxanın tabutunu qucaqlayıb hönkürtü ilə ağladı. Qardaşını öz əli ilə məzara qoyub and içdi. Dedi ki, "Qardaş, son damla qanıma qədər vuruşub sənin, şəhidlərimizin intiqamını alacağam". Rayon rəhbərliyi ona bir neçə gün valideynlərinin yanında qalmasına icazə almağı deyəndə, Elman qətiyyən razılaşmadı və elə həmin gün öz döyüş mövqeyinə qayıtdı.
Döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sərxan Abdullayev Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilib. Ailəli olan şəhid gizirimizin Orxan və Turan adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.
Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Onu da qeyd edim ki, şəhidin qardaşı kapitan Elman Abdullayev Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan bayrağı" ordeni, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Facebook-da paylaş