"Biz qisası övladlarımıza qoymamalıyıq"
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir.
Kitabda şəhidimiz gizir Abdullayev Sərxan Elxan
oğlu haqqında yazılmış "Biz qisası övladlarımıza qoymamalıyıq" sərlövhəli xatirə
yazısını oxuculara təqdim edirik... "Biz qisası övladlarımıza qoymamalıyıq" Hərbçi
ailəsində anadan olmuşdu Sərxan. Gözünü dünyaya açandan evdəki adamları hərbi
formada görmüşdü. Atası Elxan 20 il gizir kimi xidmət göstərmiş, övladını da bu
ruhda tərbiyə etmişdi. Ailədə hərb sahəsinə böyük hörmət və ehtiram var idi.
Ona görə də evin hər 2 övladı gələcəkdə hərbi sahəni seçərək onu həyatlarının
ömür amalına çevirdilər, hərbçi olaraq atalarının yolunu davam etdirdilər. Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan
olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-liseyin birinci sinfinə daxil olandan yaxşı oxuyur, müəllimlərin
ona bəslədikləri etimadı doğruldurdu. Lakin Sərxan yaxşı oxumağına baxmayaraq,
təhsilini davam etdirmədi. Arzusu tamam başqa istiqamətə olduğundan əsgərliyə
getməyi üstün tutdu. Çünki onun arzularının başlanğıcı hərbi xidmətdən
keçirdi. Ona
görə də 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrılanda əsgəri borcunu yerinə yetirməyə çox həvəslə getdi. 2008-ci ildə hərbi
xidməti başa vurduqdan sonra uşaqlıqdan ürəyində yuva qurmuş arzuları həyata
keçirməyə başladı. Ürəyindəki istəklərə çatmaq üçün Sərxan hərbi kurslardan
keçməli, hərbi qayda-qanunları dəqiqliklə bilməli, silah-sursatdan istifadə
qaydalarını öyrənməli idi. Bunun üçün sənədlərini verib Türkiyəyə oxumağa
getdi, yüksək səviyyəli hərbçi olmaq üçün kursa qatıldı. 25 avqust 2014-cü ildən
12 dekabr 2014-cü ilə kimi qardaş ölkədə kursu başa vurub Vətənə döndü. Onu da
qeyd edim ki, Sərxan Abdullayev Türkiyədə keçdiyi "Komando" kursunu
3-cü nəticə ilə başa vurub. O, bu göstəriciyə idmançı olması və özünü təlimə
ciddi hazırlaması sayəsində nail olmuşdu. Həyat yoldaşı Cəmilə xanım danışır ki, Sərxan forma geyinməyi çox
sevirdi. Ümumiyyətlə, onun hərbi libasa çox böyük hörməti var idi. Gizir
formasını çox həvəslə geyinər, şəstlə yeriyərdi. Bu, onun öz sənətinə sevgisindən,
hərbiyə olan hörmətindən irəli gəlirdi. Sərxan
Abdullayev bir müddətdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
Xüsusi Təyinatlı Dəstəsində gizir rütbəsində xidmətə başladı. Onu da qeyd edim
ki, Sərxan həmin hərbi hissə üzrə zolaqlı beret kursunu ilk bitirənlərdən
olmuşdur. O, qısa müddətdə dərin bilikli, bacarıqlı və yüksək ixtisaslı hərbçi
kimi yetişmişdi. Artıq düşməndən qisas almaq, işğal altında olan torpaqlarımızı
geri qaytarmaq məqamı gəlib çatmışdı. Sərxan Abdullayev Vətənin bir oğlu, bir hərbçisi
kimi buna tam hazır idi. İşləri
qaydasında getsə də narahat idi, torpaqlarımızın hələ də işğal altında olmasını
qəbul edə bilmir, düşməndən intiqam almaq arzusu ilə yaşayırdı. Qarabağ
problemindən söz düşəndə Sərxan Abdullayev gözləməyin qəti əleyhdarı idi.
"Axı, nə qədər gözləmək olar. İntiqam almaq vaxtı gəlib çatıb. Biz qisası
övladlarımıza qoymamalıyıq", - deyirdi. Cəmilə xanım söyləyir: -
Vətən müharibəsi başlayanda Sərxanın gözlərində bir sevinc hissi var idi ki, gəl
görəsən. Müharibənin başlamasına, intiqam vaxtının gəlib çatmasına sevinirdi. ...Vətən
müharibəsinə Murov dağındakı yüksəkliyin alınmasından başladı. 2020-ci il sentyabrın 27-dən 28-nə
keçən gecə idi. Dalbadal 4 postu almışdılar. Kəlbəcər istiqamətində irəliləyirdilər.
Bu vaxt Sərxanın lap yaxınlığına minaatan silahdan atılmış mərmi düşdü və gənc
gizirin həyatına son qoydu. Döyüş yoldaşları düşmənin layiqli cavabını verərək
darmadağın etdilər. Ordumuz yenə də irəliləməyə başladı. Döyüşlərdə
qəhrəmancasına şəhid olmuş Sərxan Abdullayev Ağköynək kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Ailəli olan şəhid gizirimizin Orxan və Turan adlı 2
azyaşlı oğul övladı yadigar qalıb. Şəhid
gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif
olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. O, Prezident
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Onu
da qeyd edim ki, şəhidin qardaşı kapitan Elman Abdullayev Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan bayrağı"
ordeni, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın
azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən"Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Zəngilanın
azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş